Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dekabr repertuarı maraqlı tamaşalarla zəngindir.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilmişdir ki, dekabrın 1-də R.Leonkavallonun “Payatsı”, ayın 4-də Q.Donisettinin “Sevgi şərbəti” operaları, 6-da isə A.Adanı “Jizel” baleti təqdim ediləcəkdir.
Dekabrın 7-də bu səhnədə Moskva Teatrının kollektivi tərəfindən “Master və Marqarita” tamaşasının nümayişi gözlənilir.
Xalq Artisti Gülxar Həsənovanın 95 illik yubileyi münasibətilə dekabrın 8-də Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası oynanılacaqdır.
Opera və Balet Teatrının kollektivi dekabrın 13-də Z.Hacıbəyov və Niyazinin “Aşıq Qərib”, ayın 14-də J.Bizenin “Karmen” operalarını, 15-də isə F.Əmirovun “Min bir gecə” baletini təqdim edəcəkdir.
Dekabrın 19-da Q.Qarayevin “Leyli və Məcnun”, F.Qarayevin “Qobustan kölgələri” baletləri nümayiş olunacaqdır. Sonuncu bəstəkarın 70 illik yubileyinə həsr olunacaqdır.
Bu səhnədə türk müğənnisi Əhməd Şəfəqin konserti dekabrın 21-də nəzərdə tutulmuşdur.
C.Verdinin “Traviata” operası dekabrın 22-də, P.Çaykovskinin “Şelkunçik” baleti ayın 24-də oynanılacaqdır.
AzərTac