Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Beynəlxalq Karikatura Təşkilatları Federasiyasının (FEKO) dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən və artıq ənənə halını alan “Molla Nəsrəddin” – Azərbaycan” Beynəlxalq karikatura müsabiqəsinə yekun vurulmuşdur.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə bildirmişdir ki, sayca dördüncü olan Beynəlxalq karikatura müsabiqəsi “Molla Nəsrəddin” satirik jurnalının 105 illiyinə həsr edilmişdir. Müsabiqəyə 63 ölkədən 307 rəssam 670 karikatura ilə qatılmışdır.
“Narkotikə yox!” devizi altında keçirilmiş müsabiqəyə beynəlxalq tərkibli münsiflər heyəti dəvət olunmuşdur. Münsiflər heyətinin qərarına əsasən, müsabiqənin qızıl medalına A.Gatto (İtaliya), gümüş medala V.Kazanevski (Ukrayna), bürünc medala M.Valiaxmetov (İspaniya) layiq görülmüşlər. B.Erenburq (İsrail), S.Aşmarin (Rusiya) və azərbaycanlı karikaturaçı Tural Həsənli müsabiqənin xüsusi mükafatına layiq bilinmişlər.
IV “Molla Nəsrəddin” – Azərbaycan” Beynəlxalq karikatura müsabiqəsi səsvermənin şəffaflığı və yüksək təşkilatçılıq işinə görə FEKO tərəfindən 5 ulduzla qiymətləndirilmişdir. Bu, dünyada keçirilən karikatura müsabiqələrinə verilən ən yüksək qiymətdir.
Bu ilin oktyabrında Bakıda keçiriləcək təqdimat mərasiminə və sərgiyə qaliblər və müxtəlif ölkələrdən tanınmış karikatura ustaları, beynəlxalq karikatura təşkilatlarının rəhbərləri dəvət olunmuşlar. Respublikamızda ilk dəfə təşkil olunacaq bu tədbirdə Beynəlxalq Karikatura Təşkilatları Federasiyasının prezidenti Piter Nyuvandeyk də iştirak edəcəkdir.
Artıq müsabiqəyə göndərilən ən yaxşı karikaturalardan ibarət kataloq hazırlanır və ilin axırınadək karikaturasevərlərə təqdim olunacaqdır.