Bakıda 19-cu “Bakutel-2013” sərgisi başlayıb
2.12.2013

Sərgi dekabrın 5-dək davam edəcək.

Bu il sərgi meydançası 35% genişləndirilib. Sərgidə yerli iştirakçılarla yanaşı, dünyanın 28 ölkəsindən 300 şirkət iştirak edir. Sərgi eksponentlərinin 40%-i daimi iştirakçılardır.

Bu il 15 ölkə milli pavilyonu ilə çıxış edir. Bu ölkələr Belarus, Macarıstan, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Fransa, Xorvatiya, Estoniya və s. ölkələrdir.

Əfqanıstan, İtaliya və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edirlər.

Bu il “Bakutel” sərgisi ilk dəfə olaraq Bakı Ekspo Mərkəzinin ümumilikdə 12000 m2 olan üç zalı və foyesini əhatə edir. Foyedə yerləşən Azərbaycanın milli pavilyonunda son illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi işlər haqqında ətraflı məlumat, eləcə də sahənin inkişafı üçün gələcək planlar təqdim olunur.

Sərgi çərçivəsində çoxsaylı işgüzar görüşlər, müxtəlif toplantılar, habelə sərgi ziyarətçiləri üçün çoxsaylı maraqlı tədbirlər planlaşdırılıb.

Sərgi çərçivəsində Trans-Avrasiya Super İnformasiya Magistralı (“TASIM”) və Avropa İran Sürətli Magistralının (EPEC) çəkilməsi, Azərbaycanda Yüksək Texnologiyalar parkının yaradılması, peyk layihələri üzrə tədbirlər keçiriləcək.

Sərgidə “start-up”lara da yer veriləcək və bu il 11 gənc mütəxəssis öz yeni həllərini nümayiş etdirəcək.

Dörd gün ərzində sərgi ekspozisiyası telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları seqmentlərini əhatə edəcək.

gun.az