Santa-Klauslar yarışdı
2.12.2013

Avstraliyanın ən böyük şəhəri Sidneydə 4 minə yaxın Santa Klaus xeyriyyə məqsədi ilə beş kilometr məsafəyə qaçışda qüvvəsini sınayıb. Sidneyin mərkəzi küçələrində keçirilən yarış məşhur opera Haus binasının yaxınlığında başa çatıb.

Sidneydə keçirilən yarışdan uşaq xəstəlikləri ilə mübarizə üçün 180 min dollar pul vəsaitinin toplanması bildirilir. Yarış təşkilatçıları gələcəkdə 14 mindən çox Santa Klausu yarışlara cəlb etməklə hazırda Portuqaliyaya məxsus rekordu qırmağı planlaşdırır.

Honq-Konqda isə şaquli qaçış yarışı keçirilib. Yarış iştirakçılar Honq-Konqun ən hündür binası olan 82 mərtəbəli Beynəlxalq Kommersiya Mərkəzinin damınadək pilləkənlərlə çıxmalı olublar. Bu bina dünyada 3-cü ən hündür bina sayılır. Bu il beşincisi keçirilən yarışda kişilər arasında avstraliyalı Mark Born qalib gəlib.

Qadınlar arasında da qalib adını rəqiblərini xeyli geridə qoymuş avstraliyalı Syuzan Uolşam qazanıb. Honq-Konq Kommersiya Mərkəzinin fəth edilməsi 7 mərhələdən ibarət dünya şaquli qaçış çempionatının bir mərhələsədir. Yarış iştirakçılar daha əvvəl Nyu-Yorkun Empayr Steyt Bildinq və Tayvanda 101 mərtəbəli Taybey-101 göydələnlərini fəth ediblər.
Video

publika.az