Fevralın 7-dən Azərbaycana növbəti soyuq atmosfer kütlələrinin daxil
olması nəticəsində hava şəraiti yenidən dəyişərək tədricən
kəskinləşəcək.
Ən kəskin hava şəraiti ayın 8-də müşahidə olunacaq. Bu barədə Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva
bildirib. Onun sözlərinə görə, küləyin artması, şaxtanın daha da
güclənməsi gözlənilir: “Fevralın 7-də Bakı və Abşeron yarımadasında
arabir qar yağacağı, şimal qərb küləyinin axşama doğru güclənəcəyi
gözlənilir. Havanın temperaturu bu günə nisbətən yenidən aşağı enəcək.
Ayın 7-də gecə və gündüz saatlarında 0-3 dərəcə, axşama doğru isə - 5
dərəcə təşkil edəcək. Yollar buz bağlayacaq”.
U. Tağıyeva deyib ki, fevralın 8-də hava şəraitinin daha da
kəskinləşəcəyi gözlənilir: “Ayın 7-dən 8-nə keçən gecə və ayın 8-dən
9-na keçən gecə və səhər erkən saatlarında havanın temperaturu 6-10
dərəcə şaxta təşkil edəcək. Ayın 8-də gündüz 3-5 dərəcə şaxta müşahidə
olunacaq. Yollar buz bağlayacaq”
U. Tağıyeva bildirib ki, fevralın 9-da gündüz saatlarında yağıntılarda fasilələrin olacağı, küləyin mülayimləşəcəyi gözlənilir.