Bu gündən Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistraturalarına ərizə qəbulu başlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə,
bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını fevralın 8-dən
16-dək olan müddətdə doldurmalı və ərizələrini fevralın 8-dən 17-dək
(şənbə və bazar günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək olan
müddətdə təsdiq etdirməlidirlər. “Elektron imza”dan istifadə edən
bakalavrlar istisna olmaqla, qalan bakalavrlar ərizələrini təsdiq
etdirmək üçün müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) tələb edilən
sənədlərin əsillərini şəxsən təqdim etməlidirlər.
Bakalavrlar TQDK-nın müvafiq internet səhifəsinə
(tqdk.gov.az/erizemagistr) daxil olaraq şəxsiyyət vəsiqəsindən
(seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə
kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın
elektron ərizəsi" formasını dolduracaqlar. Virtual ödəmə kartını
internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar. Bundan
sonra bakalavrlar tələb olunan sənədləri müvafiq SQK-ya təqdim edib
“Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirəcəklər. “Elektron
imza” sertifikatını əldə etmiş bakalavrlar həmin sertifikatlarından
istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını SQK-ya müraciət
etmədən özləri təsdiq edə bilərlər.
Cari ilin məzunları “Bakalavrın elektron ərizəsi” formasını bitirdikləri
ali təhsil müəssisəsində yaradılmış SQK-da, ali təhsil müəssisələrini
əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali
təhsil müəssisələrinin cari il məzunları ərizələrini ali təhsil
müəssisələrində yaradılmış SQK-lardan istənilən birində, xarici
ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları,
əcnəbi və ya vətəndaşlığı olmayan ali təhsilli şəxslər “Bakalavrın
elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq
etdirəcəklər.
Magistraturaya birinci mərhələnin imtahanı fevralın 26-da keçiriləcək.
Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun)
yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test
tapşırığı təqdim olunacaq.
APA