İyulun 29-da
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rumıniyanın
mədəniyyət və milli irs naziri Hunor Kelemen ilə görüşmüşdür.
Belə görüşlərin
əməkdaşlığın genişlənməsinə xidmət etdiyini vurğulayan Ə.Qarayev demişdir ki,
Buxarestdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Bakıda isə
görkəmli rumın bəstəkarı Corce Eneskunun abidələrinin ucaldılması ikitərəfli
münasibətlərin yüksək səviyyəsini göstərir. O bildirmişdir ki, 2006-cı ildə
nazirliklər arasında əməkdaşlıq haqqında imzalanmış protokola əsasən, ötən dövr
ərzində bir çox işlər görülüb və görülməkdədir.
“Eurovision-2011” mahnı müsabiqəsindəki qələbə münasibətilə Azərbaycan xalqını
təbrik edən Hunor Kelemen Bakıda keçiriləcək növbəti musiqi yarışmasına
Rumıniya təmsilçilərinin də ciddi hazırlaşdıqlarını bildirmişdir.
Dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri
dəstəklədiklərini bildirən rumıniyalı nazir qarşılıqlı əlaqələrin bundan sonra
daha da genişlənəcəyinə əminliyini söyləmişdir. O, son illər rumıniyalı
turistlərin Azərbaycana böyük maraq göstərdiklərini və müştərək mədəni
layihələrin həyata keçirilməsində maraqlı olduqlarını vurğulamışdır.