Qarabağ Fondu ABŞ-ın 50 dövlət məktəbində Azərbaycan mədəniyyətini təbliğ edəcək
14.2.2012

Qarabağ Fondu ABŞ-da Virciniya ştatının Longfellow adlı orta məktəbinin 150-yə yaxın tələbə, valideyn və müəllimləri üçün Mədəniyyət Bayramı təşkil edib.
Fonddan verilən məlumata görə, tədbirin iştirakçıları Azərbaycan mədəniyyəti ilə tanışlıq imkanı əldə ediblər.
Longfellow məktəbində təşkil olunmuş Mədəniyyət Bayramı zamanı Qarabağ Fondunun məktəbin Valideyn və Müəllim Birliyi üçün təşkil etdiyi “Ailəni Məktəbə Cəlb Et Həftəsi” layihəsinin və Azərbaycan mədəniyyətinin təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Qarabağ Fondu bu layihəni ABŞ-ın AXA Fondundan aldığı qrant çərçivəsində həyata keçirir.
Qarabağ Fondu “Ailəni Məktəbə Cəlb Et Həftəsi” layihəsinin icrasını digər ABŞ-ın 50 dövlət məktəbində həyata keçirməyi planlaşdırır. Fond ABŞ-ın məktəb direktorları üçün Azərbaycan və Qafqaz mədəniyyəti haqqında vəsaitlərin məktəb proqramına daxil etmələri haqqında təkliflər hazırlayır.
Qeyd edək ki, Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycanı, onun Qarabağ bölgəsini və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum və mübadilə proqramlarının həyata keçirir.

APA