Tədqiqatlar göstərir ki, gün ərzində içilən suyun miqdarına görə hər iki
nəfərdən biri orqanizmini susuz qoyur, yüngül susuzlama yaşayır.
Orqanizmdə su azlıq təşkil etdikdə qan qatılaşır və bu da orqanlara
oksigen və qida maddələrinin az miqdarda daxil olmasına gətirib çıxarır.
Alimlər müəyyən ediblər ki, insan bədəninin 2/3-si sudan ibarət olduğu
halda, əslində biz çox az su içirik. Odur ki, hər bir insanın özünü
yaxşı hiss etməsi üçün gündə 2,5 litr suya ehtiyacı var.
İndi isə gəlin suyun həyatımızdakı roluna nəzər salaq.
Susuz qalmaq maddələr mübadiləsinin ləng getməsinə səbəb olur. Bədəndə
suyun miqdarı azaldıqca bu zaman orqanizmdəki yağların miqdarı və çəki
artır. Lazımi miqdarda su içmək qan təzyiqinin qarşısını alır. Susuz
qalmaq yorğunluğun başlıca səbəbidir. Bədəndə suyun azalması diqqətin
pozulmasına yol açır. Bir stəkan su gecəyarı baş qaldıran aclıq hissini
aradan qaldırır. Gündə 8-10 stəkan su içmək kürək və əzələ ağrılarını
azaldır. Su uşaq əmizdirən analarda südü çoxaldır.
Daha çox su içməyin müxtəlif yolları var. Məsələn, gecə yatarkən daim
yanınızda bir stəkan su qoyun. Oyanan kimi onu içməklə gününüzə
başlayın. Su qrafininizə limon, xiyar, alma dilimləri ataraq suyunuzu
dadlı edin. İş yerindəki masanızın üzərində mütləq bir şüşə su saxlayın.
Evdə televizora baxarkən, paltar ütüləyərkən yanınızda bir stəkan su
saxlayın. Həm də daim eyni həcmdə su içmək üçün gündə nə qədər su
içdiyinizi ölçün. Mümkünsə, üzərində ölçü olan qrafindən istifadə edin.
Daim su içməyi özünüzə xatırladın. Məsələn, hər saatdan bir zəngli saatı
qurun, soyuducunun üzərinə su içməyinizi xatırladacaq qeydlər edin.
Nəhayət, su içmək üçün susamağı gözləməyin.
Orqanizminizin lazımi miqdarda su ilə təmin olunub-olunmadığını
anlamağın ən səmərəli üsulu sidiyə diqqət yetirməkdir. Sidiyin açıq
rəngdə olması bədənin suya olan ehtiyacının düzgün ödənildiyinin, tünd
rəngdə olması isə orqanizmin kifayət qədər su ilə təmin olunmadığının
göstəricisidir.
Trend