Türkiyənin Trabzon şəhərində Boks üzrə Avropa Olimpiya təsnifat turnirində aprelin 18-də daha 3 idmançımız rinqə çıxıb. 69 kq çəki dərəcəsində mübarizə aparan Tamerlan Abdullayev turniri məğlubiyyətlə başa vurub.
81 kq çəki dərəcəsində yarışan Vətən Hüseynli isə 3-cü döyüşünü də qələbə ilə başa vuraraq, yarımfinala vəsiqə qazanıb.
Həmyerlimiz fransalı, dünya və Avropa çempionatının mükafatçısı Abdulkader Bouheniyanı 16:8 hesabı ilə məğlub edib. Boksçumuz yarımfinalda ingiltərəli Kellam Smitlə qarşılaşacaq.
Qeyd edək ki, 81 kq çəki dərəcəsində 3 boksçu London Olimpiadasına lisenziya qazanacaq.
Daha sonra mübarizəyə qoşulan digər boksçumuz Məhəmməd Abdulhəmidov (56 kq) isə rinqi qələbəylə tərk edib. 2010-cu ilin Avropa çempionu, Denis Makarovu (Almaniya) məğlub edən idmançımız bununla da, London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Bu, Azərbaycan boksçularının London Olimpiya Oyunları üçün qazandıqları altıncı lisenziyadır.
APA