İyunun 11-dən etibarən Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan "Pişt" qorxu komediyası və Amerika kinematoqrafçılarının iki filmi - "Qaçaq gözəlçələr"lə "Yura dövrünün dünyası" filmlərinin nümayişi başlanıb.
Türkiyə rejissoru Can Sarcanın çəkdiyi "Pişt" filmi üç gəncdən bəhs edir. Televiziyadan qovulan Okan, sevgilisinə evlilik təklifi etməyə hazırlaşan, lakin son anda onu başqası ilə yaxalayan popstar Batıhan və itini qəzada itirən sosial media fenomeni Bəsri depressiyadan çıxmaq üçün adada yerləşən köhnə bir evə gedirlər. Bu qısa tətildə əylənib rahatlanacaqlarını düşünərkən adada yaşayan xalqın sürprizləri ilə üz-üzə qalırlar...
Filmin ssenarisi Oğuzhan Uğur və Tahir Alper Çağlayana aiddir. Sloqanı: "Ölməkdən güləcəksiniz" Yaş həddi:16+
Filmdə baş rolları Oğuzhan Uğur, Doğa Konakoğlu, Mustafa Ak, Zeki Yılmaz, Murat Serezli, Ali Güney, Betül Arım ifa edirlər.
Növbəti, amerika istehsalı olan "Yura dövrünün dünyası" filmini, Rik Caffanın ssenarisi əsasında rejissor Kolin Trevorrou fantastik döyüş, triller və məcara janrında çəkib. Filmin sloqanı: "Park açılacaq". Yaş həddi: 12+
Minlərlə insan Yura dövrünün dünyasını görmək üçün tələsir, amma ilk baxışdan təhlükəli görünməyən əyləncə kainat üçün böyük faciəyə çevrilə bilər...
Baş rollarda Kris Pratt, Brays Dallas Hovard, Vinsent D'Onofrio, Nik C. Robinson, Tay Simpkins, Omar Si, İrfan Khan, Brayan Ti, Ceyk Conson, B.D.Vonq çəkiliblər.
"Qaçaq gözəlçələr" filmini Devid Vininin ssenarisi əsasında rejissor Enn Fletçer ekranlaşdırıb. Ekran əsəri döyüş və komediya janrındadır. Filmin sloqanı: "Silahli və bir az təhlükəli" dir. Yaş həddi:16+
Film, məhbus və polis zabitinin, taleyin hökmü ilə bir yerdə Texasda təqib olunmaqlarından bəhs edir.
Baş rollara Riz Uizerspun, Sofiya Verqara, Metyu Del Neqro, Maykl Mosli, Robert Kazinski, Riçard T. Cons, Benni Nivz, Maykl Rey Eskamillya, Xoakin Kosio, Con Kerroll Linç çəkiliblər.
Əziz kinoizləyicilər, filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)
Milli.az