«Bank Standard» Azərbaycanda ilk dəfə xarici birjalarda maliyyə əməliyyatlarında iştirak etmək imkanı verən xidmət göstərməyə başlayıb
4.5.2012

Azərbaycanın «Bank Standard» QSC Azərbaycanda ilk dəfə olaraq dünyanın 25-dən çox birjasında maliyyə əməliyyatlarında iştirak etmək imkanı verən xidmət göstərməyə başlayıb.

Bankın baş ofisindən verilən məlumata görə, əməliyyatlar on-line rejimində Avropanın məşhur sərmayə bankı tərəfindən yaradılan müasir, yüksək texnologiyalı «Bank Standard Trader/WebTrader/Mobile Trader» ticarət platformalarında həyata keçirilir.

«Bank Standard» müştərilərin sərəncamına dünya maliyyə bazarlarında aşağıdakı kateqoriyalar üzrə ticarət əməliyyatları aparmağa imkan verən qabaqcıl texnologiya və maliyyə alətlərini təqdim edir ki, bura Forex - 160-dan çox valyuta cütlüyü, Səhmlər – 11 000-dən çox səhm, CFD – 6 000-dən çox müqavilə, Fyuçers - 15 xarici birjada 450 müqavilə növü, opsionlar və digər derivativlər daxildir.

«Bank Standard Trader/WebTrader/Mobile Trader» istifadədə sadə treydinq platformalarıdır. Bu platformalar vahid interfeys çərçivəsində gündə 24 saat ərzində istənilən kompüterdən və ya mobil telefondan ticarət əməliyyatları aparmağa, qiymətlərin dinamikasının monitorinq və təhlilini həyata keçirməyə və analitik icmal əldə etməyə imkan verir. Onlar heç bir yükləmə və ya quraşdırma tələb etmir.

«Bank Standard» həmçinin öz müştərilərini dünya birjalarında ticarət əməliyyatlarını uğurla aparmaq üçün analitik məlumat və texniki dəstəklə təmin edir. Yeni treyderlər üçün maliyyə bazarlarında işi öyrənmək məqsədli təlimlər təşkil olunur. Müştəri olmaq və ya təlimlərdə iştirak etmək istəyən hər kəs bankla (012 490-10-70; 012 158) əlaqə saxlaya bilər.

APA