Azərbaycan prezidenti İlham Əliyev ölkənin mayın 7-də zəlzələ baş vermiş şimal-qərb bölgəsinə səfər edib. Dövlət başçısı zəlzələdən zərər çəkmiş sakinlərlə görüşüb, təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olub, müvafiq tapşırıqlarını verib.
Dövlət başçısı helikopterlə zəlzələnin episentrindəki əraziyə baxış keçirib, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov prezidentə təbii fəlakətin nəticələri və görülən işlər barədə barədə ətraflı məlumat verib.
Mayın 7-də axşam saat 19:15-də zəlzələnin episentrində 12 ballıq Rixter cədvəli üzrə 7 bal gücündə baş verən təkrar yeraltı təkan daha ciddi dağıntılar törədib. Son iki gün ərzində 500-dək yeraltı təkan qeydə alınıb, onlardan bir neçəsi daha çox hiss olunub.
Zəlzələ nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında üç minədək ev ya uçub, ya da qəzalı vəziyyətə düşüb. Çoxlu sayda sosial obyektə də ciddi ziyan dəyib.
Dövlət başçısının tapşırığına uyğun olaraq, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qərargah yaradılıb, işçi qrupları dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı tədbirlər görməyə başlayıb. Fövqəladə Hallar Nazirliyi rayona çoxlu sayda texnika və avadanlıq, çadırlar, böyük miqdarda tikinti materialları gətirib.
Prezident Zaqatala rayonunda yaradılmış Operativ Qərargahda müşavirə də keçirib.
Dövlət başçısı zəlzələ nəticəsində dağılmış evlərin tezliklə sökülüb, yerində sakinlərin istək və arzuları da nəzərə alınmaqla, sahəsinə görə daha geniş və keyfiyyətli evlərin tezliklə tikilməsi barədə tapşırıqlar verib.
Prezident İlham Əliyev bildirib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrıldığını qeyd edib.
Prezident zəlzələdən ziyan çəkmiş evlərin sakinlərinin müvəqqəti yerləşdirilməsi, onların ərzaq təminatı, səhiyyə və digər xidmətlərlə təmin olunması barədə də tapşırıqlar verib.
APA