Kinorejissor Vahid Mustafayevin lentə aldığı “Qanlı Yanvar” filmi Estoniyanın paytaxtı Tallində keçirilən 19-cu “Black nights” (“Qara gecələr”) beynəlxalq film festivalında uğurla nümayiş olunub.
Böyük tamaşaçı auditoriyası tərəfindən maraqla qarşılanan film festivalın diplomuna layiq görülüb.
Filmin nümayişindən əvvəl rejissor Vahid Mustafayev Estoniya dövlət radiosunda yayımlanan azərbaycandilli verilişin qonağı olub. Verilişdə rejissor “Qanlı Yanvar” filmi ilə bağlı fikirlərini bölüşüb, filmin çəkiliş prosesindən və XX əsrin 90-cı illərində şahidi olduğu hadisələrdən söz açıb.
“Qanlı Yanvar” filmi festivala təqdim olunan tarixi hadisələrdən bəhs edən 3 filmdən biridir. Ümumilikdə isə festivalda 264 film nümayiş olunacaq.
Xatırladaq ki, Tallində 1997-ci ildən bəri keçirilən Avropanın ən iri festivallarından olan “Black Nights” film festivalı Ümumdünya Prodüserlər Assosiasiyasi (FIAPF) tərəfindən akkreditə olunub.
AZƏRTAC