İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax şəhərində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, "Korporativ idarəetmə", "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzularında təşkil edilən treninqdə korporativ idarəetmə standartları, korporativ idarəetmənin prinsip və metodları, korporativ idarəetmənin şəffaflığın artırılmasında rolu, biznes ideyanın yaradılması, biznes planın tərtib edilməsi və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən danışılıb.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.
azertag.az