Azərbaycanın əməkdar artisti Azər Mirzəyev iflic olub
27.6.2012

Azərbaycanın əməkdar artisti, aktyor Azər Mirzəyev bir müddət əvvəl Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsindən gedib.

Azər Mirzəyev tutduğu vəzifədən öz xahişi ilə getmək istəyib. Hazırda Azər Mirzəyev teatrda aktyor ştatındadır. Sabiq direktor müavininin vəzifədən imtinasına səbəb kimi onun səhhətindəki problemlər göstərilir. O, 1996-cı ildən teatrda direktor müavini vəzifəsini icra edib.

Azər Mirzəyev açıqlamasında məlumatı təsdiqləyib, bu addımı atmasının səbəbini açıqlayıb: “Vəzifədən öz ərizəmlə çıxdım. İş ağır idi. Allahdan mənə verilən vergi aktyorluqdur, ona görə də tam qüvvəmi ora sərf etmək istəyirəm”.

Aktyor ötən ay iflic keçirdiyini, hələ də müalicə aldığını deyib: “Ötən ayın ortalarında iflic olmuşam. Gəzməyimdə problem yarandı, müalicə alıram. Həkimlərin və dostların köməyi ilə hazırda daha yaxşıyam. Müalicəm evdə davam edir. Hələ ki, teatra getməmişəm, bu gün, sabah işə getməyi düşünürəm. İndi gəzə bilirəm, lazım olsa, bu gün də səhnəyə çıxaram. Səhnə elə yerdir ki, ora çıxanda insana güc gəlir. Amma hələ ki, məsləhət görülmür”.

Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsinə kimin təyin olunacağı barədə hələ məlumat yoxdur.

ANS PRESS