ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan edilməsinin 236-cı ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq ölkəsinin müstəqillik tarixindən danışıb. O, qeyd edib ki, 4 iyul 1776-cı il ABŞ-ın müstəqilliyə nail olduğu tarix deyil, “Müstəqillik Bəyannaməsi”nin yazıldığı gündür.
A.Sterlinq vurğulayıb ki, mühüm tarixi fərqlərə baxmayaraq, Azərbaycan da öz müstəqilliyini dərhal əldə etməyib: ““ABŞ diplomatiyasının Azərbaycanda 20 illik fəaliyyətinin əsasını ölkənizin müstəqilliyini gücləndirmək təşkil edir”.
Tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycanla ABŞ arasındakı əlaqələr 2012-ci ildə iqtisadi sahədə inkişaf etdirilib.
“Cari ildə iki dövlət arasında yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub. ABŞ-Azərbaycan əlaqələri gündən-günə genişlənir. Azərbaycan ABŞ ilə münasibətlərini daim diqqət mərkəzində saxlayır və bu əlaqələr strateji əhəmiyyət daşıyır”, - o deyib.
ANS PRESS