Uşaqlar üçün “Mənim rəsmim” adlı yaradıcılıq müsabiqəsi keçirilir
9.6.2016

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Resm” zərgərlik brendinin təşkilatçılığı ilə uşaqlar üçün “Mənim rəsmim” adlı yaradıcılıq müsabiqəsi keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, müsabiqənin məqsədi balaca rəssamların və gələcəyin dizaynerlərinin ornamentlərə maraqlarını dəstəkləmək və milli naxışlarımızın tarixi dəyərinin gələcək işlər üçün ilham mənbəyi olduğunu göstərməkdir.

Azərbaycanın hər guşəsindən olan 6-15 yaşadək bütün uşaqlar çəkdikləri ornamenti iyulun 30-dək resm@resm.az elektron ünvanına, “Resm”in “facebook” səhifəsinin şəxsi mesaj bölümünə göndərməklə və ya saat 11:00-19:00 arası 28 may küç. 46E ünvanında yerləşən “Resm” mağazasına gətirməklə müsabiqəmizdə iştirak edə bilərlər.

İştirakçılar münsiflər heyəti tərəfindən 3 yaş kateqoriyasına bölünəcək (6-8, 9-12, 13-15 yaş) və hər kateqoriyadan 3 qalib seçiləcək. Bundan əlavə, “facebook” səhifəmizdə ən çox “bəyən” toplayan naxış– izləyici rəğbəti qazanmış qalib sayılacaq.

İyulun 30-dan başlayaraq, işlər “Resm” brendinin “facebook” səhifəsində yerləşdiriləcək və sosial şəbəkə istifadəçiləri sentyabrın 10-dək izləyici rəğbəti qazanmış qalibi seçə biləcəklər.

Maraqlananlar müsabiqənin bütün qayda və şərtləri ilə www.resm.az saytında tanış ola bilərlər.

azertag.az