Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Proqram mühəndisliyinin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib.
Seminarda institutun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov bu sahədə aparılan araşdırmalar barədə məlumat verib. O, proqram mühəndisliyi üzrə mütəxəssislərin hazırlanmasının müasir dövrün əsas tələblərindən olduğunu bildirib.
İnstitutun böyük elm işçisi Tamilla Bayramova “ISO 9126” standartında proqram təminatının keyfiyyət modelini təqdim edib.
Hazırda dünyada ən müasir tələblərə cavab verən yeni proqramlaşdırma dillərindən istifadə edildiyini söyləyən məruzəçi bu sahədə TIOBE (The Importance Of Being Earnest) indeksinin tətbiq olunduğunu diqqətə çatdırıb.
Ölkəmizdə tam informasiya suverenliyinin əldə olunması üçün kompleks proqramların hazırlanmasının vacibliyini vurğulayan T.Bayramova bu sahədə qəbul olunmuş dövlət proqramlarının zəruriliyini qeyd edib. O, həmçinin Azərbaycanda proqram mühəndisliyi ilə məşğul olan şirkətlər barədə məlumat verib, bu sahədə rast gəlinən problemlərdən danışıb.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.
azertag.az