Çingiz Mustafayevin doğum günü onun adını daşıyan düşərgədə qeyd olundu
27.8.2012

ANS ÇM radiostansiyasının təşkilatçılığı ilə Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan uşaqlar üçün yay düşərgəsində onun doğum gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Uşaqların istirahətini və əyləncəsini səmərəli təşkil etmək üçün tədbirə tanınmış müğənnilər və populyar qruplar da dəvət olunub. Onlar uşaqları öz musiqi sovqatlarıyla sevindiriblər. Konsertə qatılan müğənnilər də uşaqlarla birgə əyləniblər. Onlar öz təəssüratlarını ANS-lə bölüşüblər.

"Mən bir ana kimi düşünürəm ki, mənim övladlarım öz Milli Qəhrəmanlarımızı tanımalıdır. Çingiz Mustafayevdə bu qəhrəmanlardan biridir", - deyə müğənni Nura Suri bildirib.

Konsertdə çıxış etməyə gələnlər arasında uşaqların həmyaşıdları olan "Noğullar" qrupu da var idi.

Uşaqların əyləncələrini daha da maraqlı edən isə tədbirə motobaykerlərin qatılması oldu. Azyaşlıların motoskletlərə həddindən çox həvəs göstərməsi isə onların motosikletlərlə xeyli şəkil çəkdirməklərindən də görünürdü. Konsert proqramı düşərgə iştirakçıları arasında rəqs müsabiqəsi ilə başa çatdı.

ANS PRESS