Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı və Abşeron çimərliklərində aparılan növbəti monitorinqin nəticələrini açıqlayıb.
Mərkəzin sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib ki, çimərliklərdən götürülən dəniz sularının fiziki, kimyəvi və toksikoloji analizlərinin nəticələri əvvəlki monitorinqin nəticələri ilə eyni olub.
Analizlərin nəticələrinə əsasən, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zağulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir. Qaradağ və Səbail rayonu ərazisində yerləşən “Sahil” və “Şıx” çimərliklərində isə bakterioloji çirklənmə olduğundan çimmək qadağası yenə də qüvvəsində qalıb. Bu ərazilərdə böyük həcmlə tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə sözügedən çimərliklərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıqdır.
Şöbə müdiri, analoji yoxlamaların 15 gündən bir olmaqla oktyabr ayının 1-dək davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, son iki ildə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyi, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi nəzərə alınaraq Səbail rayonunun “Şıx” və Qaradağ rayonun “Sahil” çimərliklərindən istifadə qadağan edilib.
APA