İyulun 4-də Beynəlxalq Muğam Mərkəzində “Şur” televiziya filminin 50 illik yubileyi qeyd olunub.
Mərasimdə filmin rejissoru, Xalq Artisti Arif Qazıyev, Xalq Artisti Əlibaba Məmmədov və filmin operator assistenti, Əməkdar İncəsənət Xadimi Fazil Hadıyev ekran əsəri ilə bağlı xatirələrini bölüşüblər.
Qeyd olunub ki, 1967-ci ildə Azərbaycan televiziyasının istehsalı olan bu film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bir il sonra isə film Tbilisidə “Prometey-68” kinofestivalında mövzunun orijinal həllinə görə xüsusi diploma layiq görülüb. Operator Rasim Ocaqovun italyan neorealizminə uyğun olaraq çəkdiyi ağ-qara kadrlar filmin və musiqinin ahənginı tamamlayırdı. Ekran əsəri Azərbaycan televiziyasının Qızıl fondunda saxlanılan ən dəyərli nümunələrdəndir. Təsadüfi deyil ki, “Şur” dəsgahı bu gün ustad sənətkarlarla yanaşı, gənc xanəndələrin də repertuarını bəzəyir.
Sonra ekran əsəri nümayiş olunub. Yubiley mərasimi sevilən xanəndələrin ifaları ilə davam edib.
azertag.az