Bu il dünyada rekord sayda avtomobil satılıb
20.12.2011

Dünya iqtisadiyyatındakı problemlərə baxmayaraq, bu il avtomobil satışı rekord həddə çatıb. GoMap-in “Apa-ya istinadən məlumatına görə, Yaponiyadakı zəlzələ və avrozonadakı borc böhranı kimi mənfi amillər 2011-ci ildə avtomobil satışlarının tarixdə görünməyən həddə çatmasına mane ola bilməyib.
«IHS Automotive» və «LMC Automotive» analitik şirkətlərinin məlumatına görə, bu il avtomobillərin satışı 4% artaraq 75 mln. ədədə çatacaq. Avtomobil satışları ən çox Rusiya və Şərqi Avropanın digər ölkələrində, eləcə də Türkiyədə artıb, artıma görə sonrakı yeri Cənubi Amerika ölkələri tutub.
ABŞ iqtisadiyyatının bərpası Amerika bazarında avtomobil satışının 9% artmasına səbəb olub. Ən böyük avtomobil bazarı sayılan Çində iqtisadi artımın zəifləməsi nəticəsində avtomobillərin satışı cəmi 5% artıb. Əvəzində zəlzələyə məruz qalan Yaponiyada avtomobil satışı 20%-dən çox azalıb.