2012-ci ilin may ayında Bakıda keçiriləcək “Eurovision” Mahnı
Müsabiqəsinə hazırlıq çərçivəsində Heydər Əliyev Fondu ilə İctimai
Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair anlaşma
memorandumu imzalanıb.
Heydər Əliyev Fondundan verilən məlumata görə, “Eurovision” Mahnı
Müsabiqəsinin təşkili və keçirilməsinə dəstək göstərilməsi ilə bağlı
İctimai Televiziya və Radio Yayımları Şirkətinin müraciətini qəbul edən
Heydər Əliyev Fondu beynəlxalq tədbirlərin təşkilindəki geniş
təcrübəsini Azərbaycan üçün önəmli bu layihəyə yönəltməyə razılıq verib.
İmzalanmış memorandumla müxtəlif mədəni tədbirlərin təşkil olunması və
keçirilməsinə mütəxəssislərin cəlb edilməsi, Bakı şəhərinin müsabiqəyə
uyğun bəzədilməsi, “Eurovision” Mahnı Müsabiqəsi həftələrində
“Eurovillige”, “Euroclub” kimi ənənəvi sosial proqramların təşkilində və
könüllülər komandasının cəlb olunmasında yardım göstərilməsi və digər
məsələlər nəzərdə tutulur.
APA