Bakı və Abşeron Xəritədə baxmaq
Xəritədə Azərbaycanın təsviri dənizə doğru uçan quşa oxşayırsa onun "dimdiyi" - Abşeron yarımadasıdır. Azərbaycanın paytaxtı - qədim və daim cavan olan Bakı şəhəri bu yarımadanın cənub-qərb sahilində yerləşmişdir. Abşeronda və Bakıda respublikanın əsas nəqliyyat magistralları - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Bakı buxtasındakı böyük dəniz limanı (yeri gəlmişkən, bu liman bütün Xəzər dənizində ən böyük limandır), Bakıdakı dəmiryol vağzalı və Respublika paytaxtını regionlarla birləşdirən şose yolları vardır.

Neftin və qazın nəql edilməsi üçün əsas magistral boru kəmərləri də buradan, Abşerondan başlanır. Bakı TRASEKA (Avropa-Qafqaz-Asiya) beynəlxalq nəqliyyat dəhlizinin əsas məntəqəsidir. Bu layihə çərçivəsində Azərbaycan, tarixi Böyük İpək Yolu marşrutunun bərpa olunmasında iştirak edir.
İqlimi. Abşeron yarımadası dünya okeanı səviyyəsindən 28 metr aşağıda yerləşir. Bakının və Abşeronun iqlimi mülayim- isti, yarımsəhra və çöl iqlimi olub yalnız Abşerona xas olan küləklərlə səciyyəvidir. "Xəzri" adlanan şimal küləyi yayda havanı sərinləşdirir, qışda isə hədsiz dərəcədə soyudur. "Gilavar" adlanan cənub küləyi yayda isti gətirir, qışda isə soyuğu bir qədər mülayimləşdirir.
Faydalı qazıntılar. Abşeron yarımadasında neft, qaz, inşaat daşı ("badamdaş" deyilən əhəng daşı), duz, qum və əhəng yataqları vardır. Abşerondakı Masazır, Qala, Böyük Şor, Xoca Həsən duz gölləri çox məşhurdur. Dünyada ən qədim neft quyularının bir qismi Abşeronda yerləşir. Vaxtilə insanlar bu quyulardan nefti verdrələrlə çıxarırdılar. Sənaye üsulu ilə neft çıxarılan ilk quyuların da bir neçəsi buradadır.

Təbiətin gözəl müəmması sayılan Palçıq vulkanlarının sayına və müxtəlifliyinə görə Azərbaycan dünyada birinci yeri tutur.
Qobustan petroqlifləri - Açıq Səma Altında muzeydir.
Abşeronun tarixi. Abşeronun coğrafi iqlim və geoloji amilləri sayəsində bütün Abşeron yarımadası və Bakı ərazisi 20.000 il bundan əvvəl məskunlaşmışdır. (Yeni Suraxanı qəsəbəsinin yaxınlığında qədim insan məskənləri aşkar edilmişdir.). Ümumiyyətlə bütün yarımadada qədim insan məskənləri tunc dövrünə və erkən dəmir dövrünə aid kurqanların sayı hesabı yoxdur. Burada həmçinin daşdan yonulmuş, üzərində sujetli rəsmlər çəkilmiş antropomorf fiqurlu qədim qəbiristan kompleksləri aşkar edilmişdir(Dübəndi, Türkan, Xaşaxuna, Mərdəkan, Şüvəlan qəsəbələri). Azərbaycanın və Qafqazın heç bir başqa regionunda bu cür komplekslərə rast gəlmək mümkün deyil. Pirallahı adasında, Zığ gölündə, Binəqədidə və Əmircanda qədim insan məskənləri aşkar edilmişdir (e.ə.III-I minilliklər). Bütün bunlar onu göstərir ki, bütövlükdə Abşeron yarımadası hələ qədim vaxtlardan insanların dinc yaşaması üçün onları cəlb edirmiş. Lakin bu yarımadanın geostrateji mövqeyi müxtəlif işğalçıları da buraya cəlb edirdi.
Abşeronda ən böyük qəsəbə Maştağa kəndidir. Burada tunc dövrünə və dəmir dövrünə aid insan məskənlərinin qalıqlarından əlavə nisbətən sonrakı dövrə aid abidələrdə qalmışdır: Birə Arbutay məscidi (1414-cü il), Xoca Aydəmir məscidi, Qazıxana, Xoca Kərbəlayi Hüseyn məscidi (XVIII əsr), XIII-XIV əsrlərdə tikilmiş və sonradan 40 m hündürlüyündə minarə əlavə edilmiş məscid, XVII əsrə aid hamam, ovdan (sututar, XIX əsr): Aqil Baba, Xoca Aslan, Həsənbəy, Xoca Aydəmir türbələri (XVIII əsr).
Abşeronun Qala kəndində yerləşən "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruğunda qədim məscidlər (Cümə məscidi, Qala kənd məhəllə məscidi), yollar, ovdanlar, qədim qəbristan (XV əsr),hamamlar, tunc dövrünə aid insan məskənləri qorunub saxlanır.
Bakıdakı Atəşpərəstlər məbədi - Atəşgah (Od evi) paytaxt qonaqlarının böyük marağına səbəb olur.
Abşeronda çox qədim "leylər" də aşkar edilmişdir. Malta adasındakı əsrarəngiz "yolların" tam analoqu olan bu leylərin çoxu birbaşa dənizin içərisinə uzanıb orada itir…
Şirvanşahlar dövlətinin yarandığı dövrdə Bakının əhəmiyyəti daha da artdı. XII əsrdə baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı ciddi zərər çəkdi və Şirvanşah I Axisitan Şirvan dövlətinin paytaxtını Bakıya köçürdü. Beləliklə Bakı Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Şirvanşah öz yeni paytaxtında İçəri şəhərin qala divarlarını ucaltdı, bu divarların dövrəsində xəndək qazdırdı. Şəhərin əhalisi sənətkarlıqla məşğul olur - xalça, mis və tunc qab-qacaq, silah hazırlayardı. Bu xalq sənəti nümunələrinin çoxu indi dünyanın müxtəlif ölkələrinin muzeylərində saxlanılır. Bakı Xəzər dənizində strateji limana çevrildi, bu isə onun daha da tərəqqi etməsi üçün əlverişli şərait yaratdı.
Bakının abidələri. Bakıdakı tarixi abidələr arasında ən çox maraq doğuran - üç tərəfdən böyük qala divarı ilə əhatə olunmuş qədim İçərişəhərdir. Şirvanşahlar sarayı və ona aid müxtəlif tikililər kompleksi (məqbərə, Saray məscidi, Divanxana,saray hamamı, saray alimi Seyid Yəhya Bakuvinin məqbərəsi (Dərviş turbəsi) burada yerdəşir. İçərişəhərdəki qədim abidələrdən Cümə məscidi də maraq doğurur.
İçərişəhərin küçələri çox darısqaldır. Bəzən evlər arasındakı keçid o qədər ensizdirki, insan əllərini yanlara açanda bütün küçəni tutmuş olur. Buradakı çoxsaylı balaca dükanlarda xalq sənətkarlarının əl işi olan qədim və müasir məmulatlar xalçalar, keramika məhsulları, mis qablar və s. əşyalar almaq mümkündür. İçəri şəhərdəki qədim Karvansara binasındakı restoranlarda Azərbaycan milli mətbəxti ilə tanış ola bilərsiniz.
Şəhərə onun yuxarı hissəsindən - dağüstü parkdan və ya dəniz tərəfidən baxanda Bakı qayalı təpələrin yamaclarında yerləşən amfiteatra oxşayır. O, dəniz sahilindəki piyaləni xatırladır. İçəri şəhərin kənarında, Dənizkənarı Bulvarın yanında ölkəmizin ən əhəmiyyətli tarix-memarlıq abidələrindən biri Bakının rəmzinə çevrilmiş Qız qalası ucalır.
Həmçinin belə hesab edirlər ki, bir vaxtlar Bakının yaxınlığında dənizin içində Qız qalasına oxşayan daha bir qüllə olmuşdur. Arxeoloji kəşfiyyat zamanı dənizin dibindən üstü yazılı 700-ə yaxın daş, gil qabların fraqmentləri və bütöv qablar, Şirvanşah Kerşasbın (XIII əsr) zərb etdirdiyi mis sikkələr, saxsı boru parçaları tapılıb üzə çıxarılmışdır. İndi həmin daşların bir neçəsi Şirvanşahlar sarayının həyətində qoyulmuşdur. Suyun altında qalmış qalanın özü isə "Şəhri Səba", " Səbail qəsri" və ya "Bayıl daşları" adı ilə məşhurdur.
Dünya Əhəmiyyətli Abidə:
Bugünkü Bakı - Şərqin bənzərsiz gözəllikləri və müasir meqapolisə xas olan cizgilərə malik müasir şəhərdir. Azərbaycanın paytaxtı olan Bakıda bir neçə muzey vardır: Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Arxeologiya və Etnoqrafiya Muzeyi, burada həmçinin müasir Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyovun, məşhur Azərbaycan bəstəkarı Niyazinin, bəstəkar və caz ifaçısı Vaqif Mustafazadənin, Bakıda anadan olmuş dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin, yazıçı və dramaturqlardan Hüseyn Cavidin, Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin və başqalarının xatirə muzeyləri, unikal Miniatür Kitab Muzeyi fəaliyyət göstərir.
Paytaxtda çoxsaylı sərgi və konsert salonları, sənət qalereyaları, teatrlar, idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları, otellər və restoranlar vardır.
Bakının dövrəsində Abşeron yarımadasının bütün perimetri boyunca çoxlu çimərliklər var. İlin 5 ayında Abşeron çimərliklərində günəşdən qaralmaq və çimmək mümkündür. Burada günəşli və qızmar günlər çox olur. Yayda havanın istisi azalanda, günəş batandan sonra çimərliklərdə diskotekalar və gecə klubları işləməyə başlayır. Burada Xəzərin sahilindəki çoxsaylı otellər, istirahət evləri və sanatoriyalar turistlərə və dincələnlərə öz xidmətlərini təklif edir.
Karvansaray: