Şimali-qərb marşrutu Xəritədə baxmaq
Qobustan rayonu ölkəmizin Şirvan adlanan tarixi vilayətinin inzibati rayonlarından biridir.
Rayonun iqlimi əsas etibarilə yarımsəhra iqlimidir. Burada ən maraqlı və turistlər üçün cəlbedici obyekt şəhərin yaxınlığındakı dərədə, Söyünlü kəndində yerləşən Mağara labirintləridir (kürələr). Burada xalq arasında "Ağlayan qaya" deyilən çox orijinal bir təbii hadisəni müşahidə etmək mümkündür. Rəvayətə görə, qayadan axan “gözyaşları” həlak olmuş əsgərlərin analarının gözyaşlarıdır. Mağaralar orta əsrlərdə Azərbaycanda tayfa müharibələri və yadelli işğalçıların basqınları zamanı süni yolla genişləndirilmiş və yaşayış üçün uyğunlaşdırılmış təbii qalereyalar sistemidir.
Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə şəhəri rayonun əsas magistral yolunun yaxınlığında, Mərəzə yaylasında yerləşir.
Məşhur Şıx düzü kurqanları, eramızdan əvvəl I-VIII əsrlərə aid olan, indiki Dağ Kolanı kəndinin qədim ticarət yollarında yerləşmiş qədim insan məskənlərinin qalıqları, şəhərin ətrafındakı Diri Baba türbəsi (15-ci əsr), şəhərin mərkəzində yerləşən Şah Abbas karvansarayının qalıqları göstərir ki, ən qədim dövrlərdə bu yerlərdə insan məskənləri olub.
Qədim dövrlərdən burada xalçaçılıqla məşğul olublar. Yerli “Mərəzə”, “Çuxanlı”, “Çemcemli” xalçalarının naxışları bütün dünyada məşhurdur. “Nəbur” xalçalarını isə eyniadlı kənddə hələ də əl ilə toxuyurlar.
Mərəzə kiçik şəhərdir. Burada mehmanxana yoxdur. Ona görə də burada otaq və ya xüsusi ev kirayələmək olar. Ev sahibləri xörək bişirmək qayğılarını da öz üzərlərinə götürə bilərlər.
Şamaxı rayonu - Azərbaycanının tarixi vilayəti, keçmiş Şirvanşahlar dövlətinin yerləşdiyi qədim Şirvanın mərkəzidir.
Bu region paytaxt sakinlərinin və idman turizmi həvəskarlarının sevimli istirahət yeridir. Piyada səfərə çıxmağı xoşlayanlar buradan Quba və İsmayıllı şəhərlərinə ekskursiyaya gedirlər. Turistlər və adi səyahət həvəskarları Cəngi meşəsinə getməyə çalışırlar. Burada yabanı alma, armud, alça ağacları bitir, meşənin kənarında, dərənin yaxınlığında isə yerdən kükürdlü su bulaqları çıxır. Dağ kəndlərində məşhur “Şirvan”, “Şamaxı”, “İsrafil” və “Ərciman” xalçaları toxunur.
Şamaxı rayonunda görməli yerlər çoxdur. Pirsaatçayın sağ sahilində yerləşən Çuxuryurd qəsəbəsində əslən Rusiyadan olan molokanlar yaşayır. Onların hazırladığı dadlı günəbaxan yağı, turşuya qoyulmuş tərəvəz, paytaxta satmağa apardıqları dağ balı, tərəvəz və meyvələr çox məşhurdur. Qırxbulaq adlanan ərazidə çoxlu içməli su bulaqları vardır. Məlhəm kəndinin yaxınlığında özünün şəfalı xassələri ilə ad çıxarmış məşhur mağara yerləşir. Şərqdə çox məşhur olan şair Əfzələddin Xaqani XII əsrdə bu kənddə anadan olub. Ümumiyyətlə, bu diyar şairləri, filosoflar, memarları ilə məşhurdur. Seyid Əzim Şirvani, İmadəddin Nəsimi, Mirzə Ələkbər Sabir, Hacı Zeynalabdin Şirvani, Məhəmməd Şirvani, Əzim Əzimzadə, Abbas Səhhət, Həmədi Şirvani, Fələki Şirvani bu diyarın övladlarıdır (onların adlarında “Şirvani” sözünün tez-tez təkrarlanması Şərqdə qədimdən mövcud olan bir ənənə ilə bağlıdır. Adətən insan məşhurlaşandan sonra qəbul etdiyi soyadında anadan olduğu yerin adı əks etdirilir).
Pirqulu qəsəbəsinin yaxınlığında yerləşən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) dəniz səviyyəsindən 1400 metr yüksəklikdədir.
Qışda, adətən qar görməyən Bakı sakinləri buraya gəlməyə daha çox can atırlar: axı Pirquluda qar uzun müddət qalır, deməli, buraya gələndə qartopu oynamaq da olar. Yayda isə yerli sakinlər qonaqlara at belində gəzintiyə çıxamağı təklif edirlər.
Rayonun tarixi abidələri: Cümə məscidi (VIII-X əsrlər), Pirmərdəkan türbəsi (XIII-XIV əsrlər), Şahxəndan türbəsi(XVII əsr), 7 türbədən ibarət olan Yeddi Gümbəz kompleksi (XVIII əsr), Əfsanəvi Qalayi-Buqurt qalasının qalıqları (XII-XVI əsrlər), eyniadlı dağ kəndinin yaxınlığında yerləşən bu qala sanki sal qayaya yapışmışdır. Gülüstan qalasında (VIII-XV əsrlər) Şirvanşah Şahrux İran qoşunlarının hücumunu mərdliklə dəf etmişdir.
Rayonun ərazisində yerləşən Pirqulu qoruğu 1968-ci ildə yaradılıb. Rayonun inzibati mərkəzi Şamaxı şəhəridir.
Vaxtilə Azərbaycana səyahətə gəlmiş Aleksandr Düma Şamaxı barədə yazmışdı: “Bu şəhərin sakinləri sabaha sağ çıxıb-çıxmayacaqlarını heç vaxt bilmirlər”. Hazırda Şamaxının ətrafında çoxlu qədim abidələr qalıb.
Azərbaycanda mövcud olan 9 iqlim qurşağından üçünə İsmayıllı rayonu ərazisində rast gəlirik.
Rayonun əsas relyefi dağlardan ibarətdir. Buranın çox gözəl təbiəti - meşəli dağları, qayaları, çayları (Girdman, Ax-Ox, Göyçay), şəlalələri (Qalacıq – hündürlüyü 50 metr, Çayqovuşan - hündürlüyü 30 metr, İstisu - hündürlüyü 25 metr, Mədrəsə - hündürlüyü 25 metr) var.Babadağın yamaclarında dəniz səviyyəsindən 3500 metr yüksəklikdə 3 təbii göl, Kürdmaşı və Aşıqbayramlı kəndlərinin yaxınlığında 3 süni göl çox mənzərəli olmaqla bərabər, həm də balıq ovu üçün münasib yerlərdir.
Rayonun ərazisində yerləşən "İsmayıllı" qoruğu 1981-ci ildə yaradılıb.
Lahıc və Basqal kəndlərində tarix-mədəniyyət qoruqları yaradılıb. Buradakı abidələrin çoxu dövlət tərəfindən mühafizə olunur. Bədoy Zəvəro məscidi (1791-ci il), Ağalı məscidi, Zəvəro bulağı, məscid və hamam (XVIII əsr).
Digər abidələr: Xanəgah kəndindəki Qız qalası (XVII əsr), Sulut kəndindəki Fitdağ Qülləsi (XVIII əsr) və bir sıra digər arxeoloji obyektlər. Maraqlıdır ki, yerli sakinlər Fitdağ qülləsini Makedonyalıİsgəndər haqqında bir rəvayətlə bağlayırlar. Deyilənə görə, Makedonyalı İsgəndər özü burada düşərgə salmış, onun carçıları isə dağın zirvəsinə qalxıb oradan qızıl şeypurlarla bir-birinə xəbər çatdırmışlar. Ona görə də həmin qülləyə Fitdağ qülləsi deyilir.
Qafqaz Albaniyasının hökmdarlarından biri olmuş Cavanşir (VII əsr) isə, rəvayətə görə, Girdiman çayının sol sahilindəki başqa bir dağın zirvəsində Talıstan kəndinin yaxınlığındakı qalada (Cavanşir qalası) yaşamışdır. Sulut kəndində Qırxotaq qalası, Haram qülləsi, Xirəki müdafiə səddi və Cümə məscidi də salamat qalmışdır.
İsmayıllı rayonunun inzibati mərkəzi İsmayıllı şəhəridir.
Qəbələ rayonu Azərbaycanın şimal-qərb hissəsində, Şəki-Zaqatala zonasının ərazisində, Dağıstan və Gürcüstan sərhəddində yerləşir.
Rayonun ərazisində tarix, mədəniyyət və memarlıq abidələri çoxdur.Bum qəsəbəsindəki məscid (XIX əsr), Əmili kəndindəki Alban məbədi (IV əsr), Bayramkoxa kəndindəki Ustacan qülləsi (IX əsr), Nic qəsəbəsindəki Hacı Qərib məscidi və Çotari alban kilsəsi, Həzrə kəndindəki türbələr - Şeyx Bədrəddin və Şeyx Mənsur (XV əsr), Şəfili kəndindəki məqbərə (XVII əsr), eləcə də Həmzəlli kəndindəki Şıxbaba piri (XVI əsr) və Komrad dağının zirvəsindəki Komrad piri (sağlığında müqəddəs və əməlisaleh hesab edilmiş insanların dəfn edildiyi yerə pir deyilir).
Nic qəsəbəsinin yaxınlığındakı Yalovlu dağında arxeoloqlar qədim insan məskəninin qalıqlarını aşkar etmişlər. Burada tapılmış arxeoloji mədəniyyət nümunələri Azərbaycanın şimal rayonları üçün səciyyəvidir və elmdə "Yalovlu təpə mədəniyyəti" adı ilə tanınmışdır.Burada dəmirdən və tuncdan hazırlanmış silahlar, qızıl əşyalar, dəyirman daşları və başqa nümunələr tapılmışdır.
Xalq sənəti növlərindən ağac emalı (Vəndam kəndi), dulusçuluq (Qəmərvan kəndi),xalçaçılıq (Laza kəndi və Bum qəsəbəsi) geniş inkişaf etmişdir.
Qəbələ rayonunun Nic qəsəbəsində udinlər yığcam halda yaşayırlar. Qədim albanların sələfləri hesab edilən bu etnik qrup öz əcdadlarının ənənələrini, dilini, maddi və mənəvi mədəniyyətini bu günədək qoruyub saxlaya bilmişdir.
Qəbələ şəhəri Şahdağın ətəklərində yerləşir. Qədim Qəbələ şəhərinin xarabaları müasir Qəbələnin yaxınlığında (ondan 15 km məsafədə) Qaraçay və Covurluçay çaylarının arasındakı ərazidə yerləşir. Qəbələ şəhərinin özündə İmam Baba türbəsi (XVIII əsr) Cümə məscidi kimi abidələr qalmışdır. Şəhərdə kiçik bir Tarix-diyarşünaslıq muzeyi də var. Bu muzeydə rayon ərazisində aşkar edilmiş çoxsaylı arxeoloji tapıntılar toplanmışdır.
Oğuz rayonu ölkəmizin Şəki-Zaqatala zonasında Böyük Qafqazın cənub yamaclarında yerləşir. Ənənəvi xalq sənətlərindən xalçaçılıq (Filfilli kəndi), metal və ağac üzərində oyma (Baş, Daş, Ağil kəndi) davam etdirilir. Buradakı insanlar hələ neolit dövründə oturaq həyat tərzi keçirirdilər. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının tərkibinə, XVIII əsrdə isə Şəki xanlığının tərkibinə daxil olmuşdur.Arxeoloqlar Kərimli və Qarabaldır kəndlərinin yaxınlığında qədim insan məskənləri aşkar etmişlər. Burada nizələr üçün ucluqlar, tunc silah, daşdan hazırlanmış qadın heykəlləri və əsalar tapılmışdır.
Rayon ərazisində qədim tarix və memarlıq abidələri çoxdur. Xaçmaz kəndi yaxınlığındakı Sarısu çayının üstündəki Daşüz körpüsü (XIX əsr), Sincan kəndindəki məscid (XVIIIəsr), Kərimli kəndindəki məqbərə (XV əsr), Muxas kəndindəki üç mərtəbəli qüllə (XIV əsr), Xaçmaz kəndində Qaladağ dağının zirvəsində yerləşən müdafiə təyinatlı Qabur qülləsi (VII-XIV əsrlər) yenə də Qaladağ zirvəsinin yaxınlığında yerləşən, lakin içməli su ilə təchiz olunan Gavurqala qülləsi (VII əsr), Filfilli çayının yaxınlığında, Qalaçay çayının sahilində yerləşən, çay daşından tkilmiş Surxayxan qülləsi (XVIIIəsr) və s.
Rayonun inzibati mərkəzi Oğuz şəhəridir.Oğuz şəhərinin ərazisində qədim Sinaqoqalı (1849-cu il) Yəhudi qəsəbəsi, hazırda yerli diyarşünaslıq muzeyinin yerləşdiyi Alban məbədi var.
Şəki rayonu Böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında yerləşir. Şəkinin həndəvərində erkən orta əsrlər memarlığının çoxsaylı abidələri - qalalar, müşahidə qüllələri, kilsələr, Qafqaz Albaniyası dövrünə aid məbədlərin xarabalıqları qalmışdır. Bideyiz, Baş Küncüt, Orta Zəyzit (Alban məbədi) kəndlərindəki abidələr, Kiş kəndində müqəddəsi Yelisey tərəfindən ucaldılmış kilsə (Kiş məbədi) daha çox maraq doğurur. Bu kilsə Müstəqil Dövlətlər Birliyinin ərazisində ən qədim xristian tikilisi hesab edilir. Hazırda həmin kilsə bərpa edilmiş və muzeyə çevrilmişdir.
Şəki şəhəri Şəki-Zaqatala rayonunun əsas şəhəridir.
Məşhur filosof, yazıçı və maarifçi Mirzə Fətəli Axundov Şəkinin fəxridir. Bu şəhərdə M.F. Axundovun və Sabit Rəhmanın ev-muzeyləri yaradılmışdır. Şəki Xan sarayı xalq memarlığı ilə (ağac və gəc üzərində oyma) şərqin saray memarlığı ənənələrinin (lakla çəkilmiş divar rəsmləri) əlaqələndirilməsinə aid nadir nümünədir.
XVIII əsrdə tikilmiş Aşağı karvansaranınYuxarı karvansaranın ölçüləri onu göstərir ki, orta əsrlərdə burada ticarət çox geniş inkişaf etmişdir.
Şəkinin yaxınlığında, Kiş çayının qərb sahilində qədim "Gələrsən-Görərsən" qalasının xarabalıqları qalmışdır. Bu qalanın adından məlum olur ki, onun müdafiəçiləri düşməni bu qalaya buraxmamaq əzmində olmuş və qalanın məğlub edilməzliyinə əmin olmuşlar. Lev Tolstoyun "Hacı Murad" povestinin qəhrəmanlarının başına gələn hadisələr bu qalada cərəyan edir. Aleksandr Düma, Kempfervə N.Rayevski Şəkidə olmuşlar. N.Rayevski öz məktublarında yazırdı: "Bizim düşərgəmiz yulğun, nar, çinar və başqa ağaclar bitən meşədə yerləşir... Nuxa çox gözəl yerdir".
Bu şəhərdə cəlbedici mədəniyyət obyektləri çoxdur: Sabit Rəhman adına Dram teatrı, Xalq Tətbiqi Sənət Muzeyi, Rəsm Qalereyası bu cür obyektlərdir.
Şəkinin sakinləri öz bənzərsiz ənənələrini və qədim sənət biliklərini bu gün də qoruyub saxlamışlar. "Kəlağayı" deyilən ipək baş örtükləri hətta Orta Asiya ölkələrinədə ixrac edilir və orada yerli sənətkarlar tərəfindən ipək üzərində naxış salmaq məqsədilə istifadə edilir. Burada üzərində Şəkiyə xas olan xüsusi naxışlar çəkilmiş taxta sandıqlar da hazırlanır. Yerli zərgərlər tərəfindən hazırlanan bəzək əşyalarının forması isə qədim dövrlərdən bəri az dəyişmişdir. Şəkidə Təkəlduz deyilən tikmə sənəti yüksək dərəcədə inkişaf etmişdir. Əvvəllər bu işlə əsasən kişilər məşğul olurdu. Bundan əlavə, Şəkidə papaqçılıq, musiqi alətlərinin hazırlanması və şəbəkə sənəti davam etdirilir. Naxışlı taxta şəbəkədən hazırlanan və rəngli şuşə salınan bu cür çərçivələr adətən qapı və pəncərə yerlərində istifadə edilir. Azərbaycanda analoqu olmayan orijinal Şəki mətbəxi də Şəkinin bənzərsiz mədəniyyətinə daxildir. Şəkililərin bişirdiyi qeyri-adi şirniyyat (Şəki halvası) düyü unundan yoğrulmuş xəmirdən nazik yuxa yayılması və onun doğranıb naxışlı şəkildə hörülməsi yolu ilə alınır.
Respublikanın şimal-qərbində yerləşən Qax rayonu Gürcüstanla həmsərhəddir.
Rayonun ərazisində "İlisu" Dövlət qoruğu yerləşir (sahəsi 9,2 min hektardır). Qanıq-Əyriçay vadisi rayonunda heyvan və balıq ovu üçün münasib yerlər vardır.
Qax rayonunun ərazisində tarixi abidələr çoxdur. Arxeoloqların burada aşkar etdiyi kurqanlar hələ tunc dövründə bu regionun məskunlaşmış olduğunu sübut edir. XVIII əsrdə tikilmiş Ulu körpü, Sumuq qalası və onun mərkəzində yerləşən məscid əvvəllər İlisu sultanlığının paytaxtı olmuşdur.
Bu yerlərdə insanlar çox qədim dövrlərdən məskunlaşmışdır. Arxeoloqlar burada bizim eradan əvvəl I əsrə aid küp qəbirləri aşkar etmişlər. İlisuda hündürlüyü 10 metrə bərabər olan kvadrat şəkilli Keşikçi qülləsi də salamat qalmışdır (XV əsr). Bu kəndin ətrafında çoxsaylı kükürdlü termal bulaqlar vardır.
Tirməçi kəndinin yaxınlığında, qocaman palıd ağacları bitən meşədə Şeyx Şamilin naibi (sərkərdəsi) Hacı Muradın qəbri var. Onun məzarı üzərində qoyulmuş baş daşında ərəb dilində bu sözlər yazılmışdır: "Burada böyük cəfakeş, milliyətcə avar olan Hacı Murad Xunzaxski dəfn edilmişdir".
Qum kəndinin yaxınlığında Qafqaz Albaniyası dövrünə aid abidələr - Sırtqala istehkamı (XVIII əsr), Qum bazilikasının xarabaları (V əsr), Dəyirmi məbəd (VII əsr), Ləkit kəndində isə məbəd kompleksi (XII əsr) salamat qalmışdır.
Sarıbaş və Cəlair kəndlərində yerli sənətkar qadınlar orijinal naxışlı xalçalar və yun corablar toxuyurlar. Qaxbaş kəndində isə yerli sakinlər ev şəraitində şərab istehsal edirlər.
Qax rayonunun inzibati mərkəzi - Qax şəhəri dəniz səviyyəsindən 500 metr yüksəklikdə yerləşir.
Zaqatala rayonu Böyuk Qafqazın yamaclarında, respublikamızın şimal-qərb bölgəsində yerləşir.
1929-cu ildə burada, Baş Qafqaz dağlarının cənub yamaclarında "Zaqatala" Dövlət qoruğu yaradılmışdır. Qoruğun ərazisində turistlərin istirahət etməsi və gecələməsi üçün münasib yerlər var. Qas kəndinin yaxınlığında qışda bol qar yağır.
Zaqatala rayonunda azərbaycanlılarla yanaşı başqa millətlərin etnik qrupların nümayəndələri də yaşayır - ruslar, avarlar, ləzgilər, tsaxuolar, tatarlar, ingiloylar - burada təqribən 20-yə yaxın xalq dinc yanaşı yaşayır.
Rayonun tarixi abidələri ən qədim vaxtlarda indiyə qədər salamat qalmış kəndlərdə yerləşir. Gözbarax və Halal kəndlərində 18-ci əsrə aid məscidlər, Kebeloba kəndində 14-cü əsrə aid iki qüllə, Mazıx kəndində 12-ci əsrə aid qüllə, Yuxarı Çardaxlar kəndində 5-ci əsrə aid Pəri qalası,Car kəndində 14-ü əsrə aid Çingiz qülləsi və rayon Tarix-diyarşünaslıq muzeyi, Paşan kəndində Alban qülləsi (13 əsr) və Axaxdərə kəndindəki Alban qülləsi (12 əsr), rayonun müxtəlif kəndlərində Əliabad və Mosul kəndlərində 19 əsrdə tikilmiş məscidlər salamat qalmışdır.
Turistlər Zaqatala şəhərindən 6 km şimal-qərbdə yerləşən Car kəndinə getməyi çox xoşlayrlar. Bu kənd yerli təbiətin gözəl güşəsi olmaqdan əlavə, orada məhz bu regiona xas olan orijinal memarlaq-inşaat və məişət ənənələri qorunub saxlanmışdır.
Zaqatala rayonunun inzibati mərkəzi olan Zaqatala şəhəri dəniz səviyyəsindən 535 metr yüksəklikdə Talaçay çayının sahilində yerləşir.
Şəhərdəki qədim Qala (Zaqatala qalası) (1830-cu il) təkcə qədimliyinə görə deyil, həm də ona görə maraqlıdır ki, vaxtilə "Potyomkin" zirehli qəmisində qiyam qaldırmış matrosları buradakı həbsxanaya salmışdırlar. Gəmidə təşkil edilmiş qiyamın iştirakçılarından S.Demaşkoya yerli parkda abidə qoyulmuşdur.
Digər abidə: Cümə məscidi (Tala kənd məscidi)
Pambıqyığan maşının sükanı arxasına keçmiş ilk azərbaycanlı mexanizator qadın Sevil Qazıyevanın abidəsi də maraqlıdır.
Zaqatala şəhərindəki Tarix-diyarşünaslıq muzeyində orta əsrlərə aid əlyazmaların zəngin kolleksiyasının toplanmışdır.
Zaqatalaya yay vaxtı gələnlər Car kəndinin yaxınlığında meşədə yerləşən "Ləzzət" istirahət zonasının kotteclərində, Aşağı Tala kəndindəki "Tala" otelində və "Turqut" motelində qala bilərlər.
Azərbaycanın şimal-şərqində yerləşən Balakən rayonu cənubdan və qərbdən Gürcüstanla, şimaldan və şərqdən Rusiya ilə həmsərhəddir.
Burada çoxsaylı dağ çayları, Katex dağının yaxınlığında gözəl bir göl var, rayonun şimalında isə ərazi başdan-başa meşələrlə örtülmüşdür. “Zaqatala” qoruğunun ərazisinin yarıdan çox hissəsi Balakən rayonunda yerləşir.
Rayonun ərazisində tarixi və memarlıq abidələri çoxdur. Arxeoloqlar burada erkən dəmir dövrünə aid çoxlu qədim insan məskənləri aşkar etmişlər. Məsələn, Mahamallar kəndindən 2 km aralıda Göbək qayasının yaxınlığındakı Noxo mağarasında erkən dəmir dövrünə aid insan məskənlərinin izləri qalmışdır. Yenə orada, Mahamallar kəndinin yaxınlığında küp qəbirləri (bizim eradan əvvəl II-I əsrlər), pir və yaşayış tikililərinin qalıqları (V-VIII əsrlər), məscid (XVIII əsr), qüllə (XIX əsr), qala divarları salamat qalmışdır.
Qullar kəndində XVIII əsrə aid yeraltı su anbarı və məscid, Tülü kəndində XIV əsrə aid məqbərə, Hənifə kəndində XIV əsrə aid məbəd, Xalatala kəndində XVI əsrə aid məscid, Hənifə və Mazımçay kəndlərində Alban məbədləri, Qullar kəndində, Gümbəz çayının sahilində XII əsrə aid Pəri qülləsi, Məkləkan dağında erkən orta əsrlər dövrünə aid şəhər yeri qalmışdır.
Balakən rayonunun inzibati mərkəzi Balakən şəhəridir. Şəhərdə XVII-XIX əsrlərə aid, minarəsinin qeyri-adi dərəcədə hündür olması ilə maraq doğuran məscid binası salamat qalmışdır.
Rayonun Tarix-diyarşünaslıq muzeyində bu region üçün ənənəvi sənət məmulatları, buranın hələ neolit dövründə məskunlaşmış olmasının təsdiq edən arxeoloji tapıntılar, diyarın tarixi ilə bağlı hadisələri izləməyə imkan verən digər eksponatlar toplanılmışdır. Balakəndə misgərlik, şəbəkə(qapı və pəncərələr üçün naxışlı ağac çərçivələr hazırlanması), ağac üzərində oymavə dulusçuluq peşələri yaxşı inkişaf etmişdir. Azərbaycanda nadir hallarda rast gəlinən Təkəlduz tikmə növü də burada qorunub saxlanmışdır (Təkəlduz - tünd fonda ipək sapla əlvan fantastik naxışlar tikmək sənətinə deyilir).