Müəyyən geoloji dövrdə Xəzər dənizinin təbii çəkilməsi nəticəsində yaranmış Hacıqabul gölü bu rayonun ərazisindədir. Yaz vaxtı Kür çayının daşması nəticəsində gölün sututar sahəsi genişlənmişdir. Dərinliyi 5 metri aşmayan bu göl qışda donmur. O, köçəri quşların qışlaması, su-bataqlıq quşlarının yuva qurması üçün münasib yer kimi böyük əhəmiyyətə malikdir. Həmin quşların çoxu nadir və məhv olmaq həddinə çatmış növlərə aiddir.
Burada xalçaçılıq hələ qədim dövrlərdən geniş inkişaf etmişdir. Şirvan məktəbinin "Sarı xalça" deyilən əl xalçaları toxumaq ənənəsi hələ də davam edir.
Rayonun inzibati mərkəzi Hacıqabul şəhəri Bakıdan 113 km məsafədə yerləşir.
Bu ərazidə hələ 5 min il bundan əvvəl insanlar yaşayırmış - arxeoloqlar şəhərin şimal-qərbində Harami dağında tsiklopik tikililərin qalıqlarını aşkar etmişlər. Bu tikililərin divarlarında petroqliflər diqqəti cəlb edir. Onun yaxınlınğındakı daşların üzərində də insanları və qeyri-adi, fantastik heyvanların təsvirləri aşkar edilmişdir. Alimlər bu obyektin eneolit dövründə yaranması güman edirlər. Hacıqabul yaxınlığında digər tarix-arxitektura abidələri də qalmışdır. Qubalı Baloğlan kəndində
Pir Hüseyn xanəgahına qədim minarəli məscid, qala divarları, karvansara, yaşayış binaları (XIII-XIV əsrlər), XI əsrdə yaşamış Şeyx Hüseynin məqbərəsi (Şeyxin şərəfinə tikilmiş bu məqbərə onun ölümündən iki əsr sonra ucaldılmışdır), eləcə də qədim körpü (XVII-XIX əsrlər) daxildir. Udulu kəndində erkən orta əsrlər dövrünə aid
Güngörməz müdafiə qülləsi salamat qalmışdır. Bu qüllənin adından görünür ki, orada müdafiə olunan insanlar son nəfəsə qədər düşmənlərə güzəşt etməmək əzmində olmuşlar.
Kürdəmir rayonu Azərbaycanın tarixi vilayəti olan Şirvanda, Bakıdan şimal-qərb istiqamətində yerləşir.
Kürdəmir rayonunun inzibati mərkəzi Kürdəmir şəhəri Kür çayının sol sahilində, Bakıdan 189 km məsafədə yerləşir.
Burada Bakı-Gəncə magistralı boyunca yerləşən çoxsaylı kafe və restoranlarda nahar etmək olar. Onlardan ən populyarı - rayon mərkəzindən 5 km qərbdə yerləşən "Qarabağ" restoranıdır.
Yevlax rayonu Kür çayının sağ sahilində yerləşir və el arasında Gəncəbasar (keçmiş Gəncə xanlığının ərazisi olduğu üçün belə adlanır) deyilən regionun iri şəhərlərindən biridir.
Yevlax rayonunun inzibati mərkəzi olan Yevlax şəhəri Bakıdan 280 km məsafədə yerləşir. Yevlax çoxsaylı yolların kəsişdiyi ərazidə yerləşir. Buradan Mingəçevir, Şəki Balakən Gəncə və Xankəndi şəhərlərinə birbaşa yollar gedir. Təsadüfi deyildir ki, XII əsrə aid yazılı mənbələrdə Yevlax "Qarabağın qapısı" adlandırılmışdır.
Yevlaxın Qaraməmmədli, Qaranmanlı və Xaldan kəndlərində tunc dövrünə və erkən orta əsrlərə aid bir sıra arxeoloji obyektlər aşkar edilmişdir.
Bərəkətli Qarabağ diyarı Azərbaycanın ən qədim regionlarından biridir. Vaxtilə mərkəzi Şuşa şəhəri olan məşhur Qarabağ xanlığı burada yerləşmişdir. Bu diyarda çoxlu tarix-memarlıq abidələri, zəngin fauna və flora vardır. Azərbaycan xalçalarının əlvan növlərindən biri olan Qarabağ xalçası burada yaranmış, məşhur Qarabağ cıdır atları cinsi burada yetişdirilmişdir. Belə zəngin bir təbii şəraitə malik olan bu diyarın Azərbaycan torpağına çoxsaylı istedadlı şairlər, yazıçılar və musiqiçilər bəxş etmişdir. Ən məşhur xanəndələr - muğam ifaçıları(muğam - Azərbaycanın milli musiqi janrıdır) Qarabağdan çıxmışdır. Muğam melodiyaları isə Azərbaycanın milli opera sənətinin əsasını təşkil edir. Təəssüf ki, bu gün Qarabağ ermənilər tərəfindən işğal edilmişdir.
Tərtər rayonu Tərtərçayın aşağı axarında yerləşir, şimal tərəfdən İncəçayı ilə hüdudlanır, burada qış fəslində temperatur müsbət iki dərəcədən aşağı enmir, yayda isə çox nadir hallarda 25 dərəcəni aşır.