Azərbaycanın ürəyi sayılan Qədim Qarabağ diyarı bu ölkəyə neçə-neçə istedadlı övladlar bəxş etmişdir. Qarabağ deyəndə təkcə unikal təbiətə malik olan bir bölgə, ölkənin təbii abidələri siyahısına daxil edilmiş landşaftlar deyil, həm də istedadlı şairlər, yazıçılar, musiqiçilər, xanəndələr (milli musiqinin bir istiqaməti olan muğam ifaçıları) nəzərdə tutulur. Qarabağ - Azərbaycan musiqisinin beşiyidir. Bu qədim diyarın təbiəti və təbii ehtiyatları heç kəsi laqeyd qoymur. Bəlkə də ona görədir ki, indi bu gözəl diyar işğal altındadır…
Bərdə rayonu Qarabağ düzənliyinin mərkəzində Kür-Araz ovalığının şimal-şərq hissəsində, Tərtərçayın sahilində yerləşir.
Burada çoxlu nadir ağac növləri, həmçinin palıd, vələs, qarağac, qoz və çinar ağacları bitir. Yerli fauna canavar, tulkü, çaqqal, qaban, dovşan, qırqovul, qaz, turac və digər heyvan və quş növləri ilə təmsil olunmuşdur. Burada heyvan və balıq ovu ilə məşğul olmaq mümkündür. Rayonun təbii şəraiti burada bostan bitkiləri becərməyə, taxılçılıq və pambıqçılıqla məşğul olmağa imkan verir.
Rayonun inzibati mərkəzi olan Bərdə şəhəri Bakıdan 314 km məsafədə yerləşir. Arxeoloji ekspedisiyalar zamanı müasir Bərdənin yaxınlığında qədim şəhər xarabalıqları aşkar edilmişdir. Burada şəhər mədəniyyətini, ticarətin və sənətkarlığın yüksək inkişaf etməsini təsdiqləyən çox zəngin material tapılmışdır. Onlar qədim Bərdədə zərgərlik, dəmirçilik, duluzçuluq, ipəkçilik, ağac emalı və xalça toxuma kimi xalq sənətlərinin yüksək səviyyədə olmasını söyləməyə imkan verir.
Bu şəhərin inkişaf etmiş infrostrukturu olmuşdur. Belə ki, arxeloloqlar yeraltı su komunikasiyalırı və kanalizasiya qalıqları aşkar etmişlər. Onların tikilməsində keramik borulardan istifadə edilirmiş. İnşaat işlərində qırmızı kərpicdən istifadə edilirdi. Qədim şəhərin meydanlarına daş döşənilmişdir. Buradakı sikkəxanada metal pul zərb edilirdi. Aşkar edilmiş tapıntılar onu göstərir ki, Bərdə şəhəri Azərbaycanın və bütün yaxın şərqin ətraf şəhərləri ilə sıx əlaqə saxlamışdır. Burada bizim eradan əvəl ikinci minillikdən başlamış orta əsrlərin sonuna qədər böyük bir dövrü əhatə edin maddi mədəniyyət əşyalırı tapılmışdır.
Bir sıra memarlıq abidələri zəmanəmizə qədər salamat qalmışdır. Tərtər çayı üzərindən salınmış məşhur körpü (VII-XI əsrlər), "Axsadan baba", "Güloğlular" məqbərələri ("Güloğlular" məqbərəsində məşhur alim Bəhmən Mirzə Qacar dəfn edilmişdir) Əyyub Əl Hafizin oğlu usta Əhməd tərəfindən ucaldılmışdır. "İmamzadə" deyilən məqbərədə isə alimlərin fikrincə Şeyx İbrahim dəfn edilmişdir. Çiy kərpicdən tikilmiş kvadrat formalı qala da salamat qalmışdır.

Ağdam rayonunun ərazisində qədim memarlıq abidələri çoxdur. Şahbulaq kəndindəki karvansara (XVIII əsr), Xanoğlan məqbərəsi (XVII əsr), məscid (XVII əsr), Pənahəli xanın sarayı və məqbərəsi , Xaçıntürbətli kəndindəki "Qutlu Musa oğlu" məqbərəsi (XIV əsr), Papravənd kəndindəki iki məqbərə və bir məscid, Boz dağın şimal ətəklərində çapılmış mağara məbədi, Qafqaz Albaniyası xristian dövrünə aid məbədlər bu qəbildəndir.

 

 

Ağdam rayonunun inzibati mərkəzi olan Ağdam şəhəri Bakıdan 362 km məsafədə yerləşir. Ağdam da Qarabağ düzənliyində yerləşənən iri şəhərlərdən biri olmuşdur. Türk qəbilələri düşmənlərdən müdafiə olunmaq üçünçox vaxt düzənlik yerlərdə kiçik qalalar tikirdilər. "Ağdam" sözünün qədim türk dilində mənası "kiçik qala" olmuşdur.
Sonradan "Ağdam" sözü müasir dövrdə daşıdığı mənanı kəsb etmiş - "işıqlı, ağ bina". Bu ad onunla bağlıdır ki, XVIII əsrdə Qarabağ xanı Pənahəli özünə ağ daşdan ev tikdirmişdir. Bu ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks - ağ daşdan tikilmiş imarət idi.
Ağdamda qeyri-adi bir muzey var - Çörək muzeyi. Burada unikal eksponantlar - çörək və taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdır. Eksponantlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, taxılçılığın, əkinçilik alətlərinin (oraq, xış, taxıl döyən vərdənə və s.) inkişafından bəhs edən müxtəlif materiallar vardır.
Bakıdan 373 km məsafədə yerləşən Şuşa şəhərinin bu cür adlanması bu yerlərin təmiz və saf havası ilə bağlıdır."Şuşa" sözü "şüşə" sözü ilə assosiasiya edilir (adətən azərbaycanlılar təmiz havanı şəffaf şüşə ilə müqayisə edirlər). Ölkəmizin ən gözəl şəhərlərindən biri olan Şuşa İsa bulağı, Turş su, Səkinə bulağı, Soyuq bulaq, Yüz bulaq, Qırx bulaq, Çarıq bulaq və başqa unikal bulaqları ilə də məşhurdur.

Şuşanın məhəllələrində daş sütunlarla diqqəti cəlb edən üstü örtülü qalereyalar vardır. Bazar meydanları kifayət qədər geniş idi. Şəhərin əsas Meydanında isə sıra ilə tikilmiş ticarət köşkləri, iki mərtəbəli karvansara və qoşa minarəli cümə məscidi vardır.
Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkən deyilən dik pilləli yol Daşaltı çayına aparır. Əsrarəngiz "Xəzinə qala" mağarası da orada yerləşirdi. Şuşaya gələn qonaqların hamısı burada olurdu.
Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaz. Burada təkcə rəsmən qeydə alınmış 170 memarlıq abidəsi və 160 incəsənət abidəsi vardır. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmış Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın, ev -muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, "Gəncə darvazaları", Qala divarı və s.

Kəlbəcər rayonu Kiçik Qafqaz dağlarının ətəklərində yerəşir. Rayonun inzibati mərkəzi Kəlbəcər şəhərinin adının mənası "hündür aşırım", "yüksək ərazi" deməkdir.Bu diyar özünün mineral, o cümlədən termal suları ilə məşhurdur. Ən məşhur mineral su olan İstisu bulağı ətrafında salınmış kurort da İstisu adlanır. Tərtərçayın sahillərində, dəniz səviyyəsindən 2000-2400 m yüksəklikdə yerləşən bulaqlar (burada 31 bulaq var) da öz şəfaverici xassəsi ilə İstisudan o qədər də geri qalmır. Bu mineral suların kimyəvi tərkibi dünya şöhrətli Karlovı Vari (Çexiya) suyunun tərkibi ilə demək olar ki, eynidir, bəzi göstəricilərə görə hətta ondan da üstündür.
Qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların təbii landşaftı, tarixi-memarlıq abidələri, tranzit-kommunikasiya şəbəkəsi ermənilər tərəfindən dağıdılmış, bir sözlə regionun turizm infrastrukturu tamamilə məhv edilmişdir.