“Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycanın milli seçim turu üçün kastinqlər başlanır.
Yanvarın 9-dan 16-dək Azərbaycanın iri şəhərlərində İctimai TV-nin “Böyük səhnə” verilişi üçün seçim kastinqləri baş tutacaqdır.
“Böyük səhnə”nin qalibi Azərbaycanı Danimarkada keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edəcəkdir.
İstedadına bələd hər bir müğənni qələbə və Avropanın ən önəmli musiqi yarışması olan “Eurovision”da iştirak etmək uğrunda mübarizədə öz gücünü sınaya bilər. Ancaq qəbul edilmək – təkcə istedadın deyil, həm də cəsarət və özünə inamın meyvəsidir. “Böyük səhnə”nin komandası Azərbaycanın bütün guşələrində məhz belə istedadları axtaracaqdır.
Kastinqlər 8 şəhərdə - yanvarın 9-da Sumqayıt, Gəncə, ayın 10-da Lənkəran, Yevlax, 11-də Şirvan, Şəki, 12-də Quba, 13-də Bakı şəhərlərində keçiriləcəkdir.
Seçimə 16 yaşına çatmış iştirakçılar buraxılacaqdır. Kastinqlər üçün “Böyük səhnə” layihəsinin www.anketa.boyuksehne.com internet səhifəsində qeydiyyatdan keçmək və müvafiq məlumatları əldə etmək olar.
“Böyük səhnə” verilişinin premyerası İTV kanalında 2014-cü ilin yanvar ayında olacaqdır.
AzərTAc