Lənkəran sakininin qeyri-adi hobbisi - FOTO
28.1.2014

Bəzən insanların maraqlı bir hobbisi olur. Məsələn, kimisi oyma sənətindən, kimisi isə adi şüşələrdən müxtəif əşyalar hazırlayır. Lənkəran rayonunun Cil kənd sakini, 41 yaşlı Əli Əkbərovun isə qeyri-adi bir hobbisi var. O, qramafon vallar toplamaqla məşğuldur.

 
Hələ uşaqlıqdan musiqiyə, xüsusilə də muğam ifaçılığı sənətinə maraq göstərən Əli uzun illərdir ki qrammofon vallarını toplamaqla məşğuldur. Əli orta məktəbi bitirdikdən sonra Bakıda Mədəni-Maarif Texnikumuna daxil olub. Qrammofon vallarını toplamağa da məhz elə həmin dövrdən başlayıb. Hazırda kənd klubunda çalışan və eyni zamanda yerli məktəbdə musiqi fənnini tədris edən Əli Əkbərovun evindəki şəxsi arxivində Azərbaycanın 100-dən çox görkəmli muğam ifaçısının və müğənnisinin səsləri yazılmış 1000-ə yaxın qrammofon valı toplanıb. Əlinin sözlərinə görə, tələbəlik illərində sevdiyi sənətkarların evlərini qapı-qapı gəzməklə bu zəngin musiqi xəzinəsini əldə etməyə nail olub.
 
Görkəmli xanəndələrdən Cabbar Qaryağdıoğlunun, Məşədi Məhəmməd Fərzəliyevin, Keçəçi oğlu Məhəmmədin və digərlərinin 1904, 1905, 1912-ci illərdə Varşava, Riqa, Vilnüs kimi şəhərlədə yazılmış valları bu gün Əli Əkbərovun şəxsi arxivində göz bəbəyi kimi mühafizə olunur. Əlinin sözlərinə görə, onda elə nadir vallar var ki, respublikanın hər hansı bir arxivində tapmaq qeyri-mümkündür.

Əli yenicə tikib köçdüyü evinin bir otağını vallara, kitablara ayırıb. Son illər Azərbaycanda muğam sənətinin inkişafı üçün həyata keçirilən layihələri yüksək qiymətləndirən Əli Əkbərov gənc xanəndələrimizin öz sələflərindən hələ çox mətləbləri öyrənməli olduqlarını da dilə gətirdi.



Milli.Az