Azərbaycanda bina və obyektlərə ekoloji tələblərlə bağlı sertifikatlaşdırma orqanı yaradılacaq
10.4.2014

“Uyğunluğun qiymətləndirilməsi. Daşınmaz əmlak obyektlərinə ekoloji tələblər” dövlət standartının tətbiqi ilə bağlı yaxın gələcəkdə sertifikatlaşdırma orqanının yaradılması gözlənilir.

Bunu açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı söyləyib.

Qeyd edək ki, martın 12-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Uyğunluğun qiymətləndirilməsi. Daşınmaz əmlak obyektlərinə ekoloji tələblər” dövlət standartını təsdiq edib. Standart daşınmaz obyektlərə dair prinsipləri, kateqoriyaları, qiymətləndirmə kriteriyalarını, indiqatorları, tövsiyə edilən göstəriciləri və minimal ekoloji tələbləri təyin edir. Standart daşınmaz əmlak obyektlərinə, binalara və tikililərə, onların həyətyanı ərazilərinə qoyulan ekoloji tələbləri müəyyən edir və layihələndirilən, tikilən, yenidən qurulmuş və istismara verilmiş daşınmaz əmlak obyektlərinin bütün kateqoriyalarına şamil olunur. Normativ sənəddə daşınmaz əmlak obyektlərinə dair ekoloji tələblərin strukturu, ekoloji tələblərin baza kateqoriyaları və kriteriyaları, daşınmaz əmlak obyektlərinə dair ekoloji tələblərə riayət edilməsinin qiymətləndirilməsi metodları və digər informasiyalar mövcuddur.



F.Talıblı bildirib ki, sertifikatlaşdırma orqanı kimi qeydiyyatdan keçmək istəyən, normativ hüquqi bazası, laboratoriyası, mütəxəssisləri olan istənilən hüquqi və fiziki şəxs Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edə bilər: “Dövlət Akkreditasiya Xidmətinin apardığı araşdırmadan sonra Dövlət Komitəsində qeydiyyatdan keçdikdən sonra həmin hüquqi və fiziki şəxs bu sahədə sertifikatlaşdırma orqanı kimi fəaliyyət göstərə bilər. Sertifikatlaşdırma orqanının fəaliyyət prinspinə gəlincə, gələcəkdə maraqlı tərəflər, tutaq ki, sahibkar “Uyğunluğun qiymətləndirilməsi. Daşınmaz əmlak obyektlərinə ekoloji tələblər” standartı əsasında bina tikmək üçün sertifikatlaşdırma orqanına müraciət edə biləcək. Yəni fəaliyyət könüllülük prinsipi əsasında qurulacaq. Beləliklə, ekoloji tələblərə cavab verən bina tikən və bununla müvafiq sertifikat alan tikinti şirkəti müştərilərin etimadını qazanacaq, daşınmaz əmlak bazarında mövqelərini möhkəmləndirəcək”.

APA