İstifadəyə yararlı olmayan çimərliklərin adları açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən verilən xəbərə görə, Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini həyata keçirilir.
ETSN Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab su təmizləyici qurğu quraşdırıb.
Aparılan monitorinqin nəticələrinə görə, 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan və Hövsan çimərliklərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.
Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb.
Bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən edilib.
Gün.Az