"Nar Mobile"ın baş sponsorluğu ilə sabahdan iyulun 30-dək Azərbaycanda “Azerbaijan Art Festival-2014” layihəsi həyata keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Baku Creative Center” yaradıcılıq mərkəzi tərəfindən keçirilən festival çərçivəsində ardıcıl olaraq Astara, Lerik, Yardımlı, Lənkəran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Ağstafa rayonlarında sərgilər və rəssamlar tərəfindən ustad dərsləri keçiriləcək.
Bununla bağlı keçirilən mətbuat konfransında "Baku Creative Center"in direktoru Emin Yasinov bildirib ki, festival iyulun 2-dən 24-dək regionlarda keçiriləcək, iyulun 30-da isə Bakıda hesabat sərgisi təşkil olunacaq.
Onun sözlərinə görə, builki festivalın özəlliyi onun interaktivliyindən ibarətdir:
"Rəssamlarla insanların bir-biri ilə daha yaxın və asan ünsiyyət qurması məqsədilə, bu festivalda sərgi zamanı ustad dərslər təşkil olunacaq. Həmin ustad dərslərində sənətə marağı olan hər kəs yaradıcılıq prosesinin şahidi olmaqdan əlavə, özləri ilə nümayiş olunan dərs nəticəsində hazırlanan kiçik sənət nümunəsini apara biləcəklər".
"Azerfon" şirkətinin korporativ ünsiyyət və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai şirkətin təhsilə və incəsənətə olan dəstəyindən danışaraq qeyd edib ki, bu festivala da dəstək olmaq şirkətin strategiyasına uyğundur. O əlavə edib ki, ötən il keçirilən festivalda bir çox gənc istedadlar kəşf olunub.
"Bu il də, daha çox istedadların kəşf olunacağına inanıram", - deyə o bildirib.
“Azerbaijan Art Festival-2014”ün iştirakçıları Novruz Məmmədov, Fərəc Rəhmanov, Erkin Ələkbərli, Lamiyə Mehdiyeva, Gülnarə Kuzukova olacaqlar.
Qeyd edək ki, ötən il “Azerbaijan Art Festival-2013” layihəsi həyata keçirilib. Ötənilki turnedə Salyan, Saatlı, Şirvan, Kürdəmir, Mingəçevir, Şəki, Qax, İsmayıllı, Xaçmaz və Sumqayıtda sərgi və ustad dərsləri təşkil edilib.
Gün.Az