“Bakının Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə sahəsində demək olar ki, tam stabillik yaranıb. Ərazidə heç bir dəyişkənlik yoxdur, sürüşmə kütləsində dinamika müşahidə olunmur”. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.
Onun sözlərinə görə, buna rəğmən qrunt sularının axımı davam edir: “Qabaqlayıcı tədbir kimi drenaj quyuları qazılıb. Drenaj quyularına daxil olan sular nasoslar vasitəsilə sahədən uzaqlaşdırılır. Ərazidə bərkitmə işlərinə başlanılıb. Hələlik bu sürüşmə sahəsində heç bir problem yoxdur”.
Mütəxəssis bildirib ki, Xətai rayonunda sürüşmə sahəsi ilə bağlı Azərbaycan Nazirlər Kabinetinə təqdim edilən tədbirlər planının 2 maddəsi üzrə işlər tamamlanıb, 2 maddə üzrə isə işlər davam etdirilir: “Dünən bu sürüşmə sahəsi ilə bağlı geoloji hesabatı Nazirlər Kabinetinə təqdim etdik. Hazırda konstruktorlar bərkitmə işlərinin layihəsini hazırlayırlar”.
Ş. Niftiyevin sözlərinə görə, Zığ şosesi, 21 b ünvanındakı çökmə ilə əlaqədar əhalinin hamısı o yaşayış binasından köçürülüb: “Bu gün həmin binanın əvəzinə tikiləcək yeni binanın yeri müəyyənləşdirilib. Fövqəladə Hallar Nazirliyi və ETSN-nin nümayəndələrinin iştirakı ilə həmin əraziyə baxış keçirilib. Yeni bina “Bakıavtonəqliyyatservis” təşkilatının qarşısında, yolun kənarında tikiləcək. Orada bina tikmək olar, geoloji cəhətdən heç bir problem yoxdur. Yəqin ki yaxın günlərdə həmin binanın layihələndirmə işlərinə başlanacaq. Qaraçuxur sürüşmə sahəsində isə nisbi aktivləşmə gedir, çökmə prosesləri müşahidə olunur. Ümumi vəziyyət isə ciddi problem yaradacaq qədər təhlükəli deyil”.
APA