Payızda nə geyinək?
11.8.2014

Yayın başa çatmasına hələ bir ay vaxt qalsa da, dünya modelyerləri yeni payız-qış kolleksiyalarını təqdim etməyə başlayıblar. Yeni mövsümün ən aktual rəngləri zoğalı, qara, yaşıl, xaki və onların tonları olacaq. İsti narın toxunuşlu geyimlər isti saxlamaqla yanaşı zərafəti də ön plana çıxacaq.

Bu mövsümdə 60-cı illərin təsirlərini hiss etmək mümkün olacaq. Qısa bir tonlu donlar, kostyumlar, uzun plaşlar və sairə.

Bəs Azərbaycanda yeni modelyerlər yeni mövsümə necə hazırlaşırlar?

Modelyer Fikrət Əliyev 2014- cü ilin payız-qış dəbinin tendensiyalarını açıqlayıb.

Onun sözlərinə görə, qarşıdan gələn mövsümdə daha çox bol kəsimlər dəbdə olacaq. Həm ətəklərdə, həm də köynəklərdə bunu daha çox görəcəyik. Rəng çaları arasında ağ, yaşıl, sarı rənglərin çalarları əsas yer tutacaq.

Xanımların qarderobunda midi, dar qələm ətəklərin mütləq olmalıdır. Bu ətəklərlə isə enli kəmərləri istifadə etmək görünüşə incəlik qatacaq.

Yayın əsas geyimlərindən olan şortlar payızda da aktuallığını itirmir. F.Əliyev də kolleksiyasında qısa pencəklər, kostyumlardan istifadə edəcəyini bildirib. "Əsasən kostyumlar ətək-pencək, şort-pencək formasında olacaq. Üst geyimlərində isə plaşlar yenidən dəbə qayıdır".

Ayaqqabılarda isə həmişəki kimi rahatlıq ön plana çıxır. Bu geyim növü isə kəmərlərlə uyğunlaşacaq. Yeni mövsümdə dəbi izləyənlərə qarderoblarında kəmərlərə bol-bol yer vermək məsləhət görülür.

Sadəlik özünü gecə geyimlərində də ön plana çıxarır. Belə ki, ziyafət geyimləri daş-qaşdan, dekoltedən uzaq olacaq.

Gündəlik həyatın ayrılmaz hissəsi olan cinslər isə öz aktuallığını itirməyəcək. Bu geyim növü həm qadınlar, həm də kişilər üçün idealdır.
Lakin xüsusilə kişilər üçün yeni mövsümdə parça geyimlər dəbdə olacaq. Güclü cinsin nümayəndələri tütün rəngi, tünd göy, qəhvəyi və bej tonlarına üstünlük verəcəklər.
Onlar üçün qayıdan dəb nümunəsi isə jiletlər olacaq.

Modelyerin artıq çəkili xanımlara məsləhəti də olub. Belə ki, F.Əliyev kök xanımlara uzun və dar geyimlərdən uzaq durmağı məsləhət bilib.

Makiyaj və saç düzümündə isə bir necə mövsümdür başlayan sadəlik tendesiyası davam edəcək. Saçlarda hörüklərin müxtəlif növlərini tez-tez görəcəyik. Bu saçlardan həm gündəlik həyat, həm də ziyafətlərdə asanlıqla istifadə etmək olar.
Makiyajda isə bütün diqqət gözlərə yönələcək. Gözləri vurğulamağın ən asan yolu isə qara qələm və ya laynerdir.















ANS PRESS