Avarçəkmə üzrə beynəlxalq “Prezident kuboku-2012” reqatası keçiriləcəkdir
16.3.2012

Martın 29-da Mingəçevirdəki “Kür” Olimpiya Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə beynəlxalq “Prezident kuboku-2012” reqatası başlayacaqdır.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildirmişdir ki, aprelin 1-dək davam edəcək yarışa 5 ölkənin idmançıları qatılacaqdır.
Reqatada Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Türkiyədən 23 yaşadək və yuxarı, 1994–1995 və 1996–1997-ci il təvəllüdlülərdən ibarət yaş kateqoriyalarında 150-dək kişi və qadın idmançı mübarizə aparacaqdır.
Ölkəmiz hər üç növ üzrə, Gürcüstan akademik avarçəkmə və kayak, Rusiya və Ukrayna akademik avarçəkmə, Türkiyə isə kayak növündə təmsil olunacaqdır.
Akademik avarçəkənlər 1 nəfərlik (1X), 2 nəfərlik qoşa avarlı (2X), 2 nəfərlik təkavarlı (2-), 4 nəfərlik qoşa avarlı (4X) və 4 nəfərlik təkavarlı (4-) qayıqlarla mübarizə aparacaqlar. Onlardan 1996-1997-ci il təvəllüdlülər 1500 metr, 1994-1995, 23 yaşadək və yuxarı təvəllüdlülər 2 min metr məsafəyə yürüş edəcəklər. Bu növ üzrə yarışlar Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) qaydalarına uyğun təşkil ediləcəkdir. Hər bir idmançıya yalnız 2 növ qayıqda iştirak üçün icazə veriləcəkdir.
Kanoe və kayak qayıqlarında avarçəkənlər isə 200 metr, 500 metr, 1000 metr və 5 min metr məsafələrə yürüş edəcəklər. Kayakçılar 1 nəfərlik (K-1), 2 nəfərlik (K-2) və 4 nəfərlik (K-4), kanoeçilər isə 1 nəfərlik (C-1) və 2 nəfərlik (C-2) qayıqla mübarizə aparacaqlar. Bu növlərdə hər bir idmançıya maksimum 3 qayıqla iştirak icazəsi veriləcəkdir. Onlar Beynəlxalq Kanoe Federasiyasının (İCF) qaydalarına uyğun yarışacaqlar.
Beynəlxalq “Prezident Kuboku-2012” reqatasını Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Avarçəkmə Federasiyası birgə təşkil edəcəkdir. Bütün mükafatçılar nazirliklə federasiyanın diplom və medalları ilə təltif olunacaqlar.

                                                                                                                                 AzərTAc