“İçərişəhər” klubu “Nə? Harada? Nə vaxt?” oyunu üzrə dünya çempionatında iştirak ediblər
9.10.2014

“İçərişəhər” klubunun komandaları “Nə? Harada? Nə vaxt?” oyunu üzrə dünya çempionatında uğurla çıxış ediblər.
Azərbaycan İntellektual Klublar Assosiasiyasından verilən məlumata görə, yarışlar oktyabrın 2-dən 5-dək Türkiyənin Side şəhərində keçirilib.
Çempionat iki mərhələdən ibarət idi. Azərbaycanın fəaliyyətdə olan çempionu – Balaş Qasımovun komandası seçmə mərhələnin yekunlarına əsasən yalnız Maksim Potaşevin komandasına (Rusiya) uduzaraq ikinci yeri tutub və final mərhələsinə keçib. Finalda Balaş Qasımovun komandası dördüncü yeri tutub.
İlya Berin komandası (Rusiya) dünya çempionu olub, Pavel Utoçkinin komandası (Rusiya) ikinci, Maksim Potaşevin komandası (Rusiya) üçüncü yeri tutub.
Balaş Qasımovun komandasının builki uğuru son on ildə Azərbaycan komandalarının göstərdiyi ən yaxşı nəticədir. Xatırladaq ki, Balaş Qasımovun komandası 2004-cü ildə dünya çempionu olmuşdu.
Final mərhələsinə çıxa bilməyən iştirakçılar üçün keçirilən kiçik finalda Nigar İbrahimovanın komandası qalib gələrək növbəti dünya çempionatına dəvət alıb.
Dünya çempionatı çərçivəsində breyn-rinq turniri də keçirilib. Bu turnirdə Nigar İbrahimovanın komandası qalib gəlib.
Azərbaycan nümayəndə heyətinin üzvü Aleksandr Korobeynikov “Svoya iqra” turnirində fərqlənib.

AzərTAc