Azərbaycan şəhərlərinin simvol və gerblərinin seçilməsi qanunvericiliklə müəyyənləşdirilə bilər. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki,
Azərbaycanın şəhərləri haqqında ayrıca qanun layihəsinin hazırlanması
müzakirə olunur.
"Qanunda Azərbaycanın qədim mədəniyyət mərkəzləri olan Bakı, Gəncə,
Şəki, Naxçıvan kimi şəhərlərin mədəniyyət abidələrinin müdafiəsi və
bərpası nəzərdə tutulacaq. Şəhər mədəniyyətində qədim hamamlardan
başlamış saraylara qədər özünəməxsusluqların qorunması mühüm məsələdir",
- o deyib.
Cəfərov qeyd edib ki, bu qanun layihəsi işlənildiyi dövrdə yeni abidələrin üzə çıxarılması da aktuallaşa bilər.
"Dünyada mədəni mərkəz olan şəhərlər haqqında qanunların qəbulu praktikası mövcuddur", - komitə sədri vurğulayıb.
Cəfərov həmçinin qeyd edib ki, şəhərlərin simvollarının qanunvericiliklə
müəyyənləşdirilməsi məsələsinin də qanunda əksinin tapması müzakirə
olunacaq.
"Əgər bizim qədim şəhərlər, şəhər mədəniyyəti barəsində, onların
qorunması barəsində qanunlarımız varsa, əlbəttə onlar təhlil
olunmalıdır. Müəyyən modellər var, simvollar var, hərə istədiyi kimi
hərəkət edə bilməz. İndi mən konkret bir şey demək istəmirəm, çünki
mənim də o cəhətdən xeyli narazılıqlarım var. Çünki bəzən bizim qədim
şəhərlərimizdə həm gerblər ayrı cür olub, həm tarixləri barədə düzgün
təsəvvür olmur. Odur ki, gerblər, simvolların hamısı dəqiq
araşdırmalardan, tədqiqatlardan keçib qoyulmalıdır. Yoxsa şəhəri idarə
edən bir adamın xoşuna gələn gerb vurulur", - Cəfərov əlavə edib.
Trend