Mayın 9-13-də Heydər Əliyevin xatirəsinə həsr olunmuş ilk beynəlxalq velotur keçiriləcək. Tur Azərbaycanda velosiped idmanı üzrə keçiriləcək ilk peşəkar yarış olacaq. Beş mərhələdən ibarət tur Bakı küçələrində komanda yarışları ilə başlayacaq və beş gündən sonra yenidən Bakı şəhərində yekunlaşacaq. Bakıda keçiriləcək komanda yarışlarından sonra, əsas yarışçı qrupu Böyük Qafqaz dağlarına doğru istiqamətlənəcək.
Velotur Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına daxil edilib. Yarışın təşkilatçıları Azərbaycan Velosiped idmanı Federasiyası, Gənclər və İdman Nazirliyi və Almaniyanın “FreundeEventlogistik” şirkətidir.