Yaxın beş ildə planetimizdə yaşı 60-dan yuxarı olan sakinlərin sayı beş yaşa qədər uşaqların sayından çox olacaqdır.
Hər il aprelin 7-də qeyd edilən Ümumdünya Sağlamlıq Günü ərəfəsində Dünya Səhiyyə Təşkilatı (DST) ahıl insanların sağlamlığına daha artıq diqqət yetirməyə və onlara qərəzli münasibətə son qoymağa çağırır.
2012-ci ildə Ümumdünya Sağlamlıq Günündə əsas diqqət bu fakta cəlb ediləcəkdir ki, XXI əsrdə qocalma prosesi əvvəlki əsrlərdəki qocalmadan xeyli fərqlənəcəkdir. DST qocalmaya münasibətimiz barədə yenidən düşünməyə çağırır. Biz necə cəmiyyət qurmaq istəyirik, ahıl insanların sağlam qalması üçün nə etmək lazımdır? DST Ümumdünya Sağlamlıq Günündə bu məsələlər barədə düşünməyi təklif edir.
DST-nin əməkdaşı doktor Con Bird bu məsələyə aydınlıq gətirmişdir. Onun fikrincə, sağlam qocalma bu şərtlə mümkündür ki, ahıl insanlar sağlam həyat tərzi keçirsinlər, yəni düzgün qidalansınlar, zərərli vərdişlərdən imtina etsinlər və fiziki cəhətdən fəal olsunlar. Bütün bunlar ahıl insanların mənalı həyat sürməsinə imkan verir.
Doktor Bird deyir: “Ahıl insanların səhhətinin vəziyyətindən asılı olmayaraq biz onların həyatda iştirakını davam etdirməsinə nail olmalıyıq. Müxtəlif ölkələrdə bunun üçün müxtəlif maneələr vardır. Bəzi ölkələrdə pensiya yaşı çatdıqda hökmən pensiyaya çıxmaq tələbi yaşlı insanların əmək fəaliyyətini davam etdirməsinə imkan vermir. Digər ölkələrdə qocalmaqda olan əhaliyə münasibətdə ayrı-seçkilik edilir, bəzi ölkələrdə isə xalis fiziki xarakterli maneələr vardır, biz ahıllara bu cür münasibəti dəyişməliyik”.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə sakinlərinin gəlirləri orta və aşağı səviyyədə olan ölkələrin əhalisi daha sürətlə qocalır. 2050-ci ildə Yer kürəsində 2 milyard ahıl sakin olacağı gözlənilir. Bu insanların 80 faizi gəlir səviyyəsi orta və aşağı olan ölkələrdə yaşayacaqdır.
AzərTAc