Rusiya Federasiya Şurasının sədrinə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib
9.4.2012

Rusiya Federasiya Şurasının sədrinə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib. Valentina Matviyenkoya ikitərəfli əlaqələrin inkişafında, elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsində aktiv iştirakına görə layiq görüldüyü fəxri doktor diplomunu universitetin rektoru Abel Məhərrəmov təqdim edib.

Mərasimdə çıxış edən BDU rektoru universitetin Rusiya ali məktəbləri ilə əlaqələrindən danışıb. Onun sözlərinə görə, hazırda universitetdə 17 fakültə, 124 kafedra, 24 elmi laboratoriya fəaliyyət göstərir. BQU-da təhsil alan 20 min tələbədən 1500 nəfərə yaxını dünyanın 16 ölkəsindən gəlmiş əcnəbilərdir.

Valentina Matviyenko isə çıxışında qeyd edib ki, Azərbaycanla Rusiyan bir-birinə çox şey bağlayır: “Aprelin 4-də ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd ediblər və bu 20 il ərzində münasibətlərimiz pozitiv xətt üzrə inkişaf edib. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2,8 milyard dollar təşkil edib. Hazırda Azərbaycanla Rusiya 2015-ci ilədək dövrü əhatə edəcək mədəniyyət sahəsində əməkdaşlığa dair dövlətlərarası proqramı imzalamağa hazırlaşırlar”.

Federasiya Şurasının sədri ölkədə rus dilinə ayrılan diqqətə görə Azərbaycana təşəkkürünü bildirib. Onun sözlərinə görə, hazırda Rusiyada 6 min azərbaycanlı tələbə təhsil alır, onlardan 1500 nəfəri dövlət hesabına təhsil alan tələbələrdir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan Valentina Matviyenko bildirib ki, Rusiya bu istiqamətdə aktiv səylərini davam etdirir: “Nizamlanma prosesi gedir, lakin hələlik gözlənilən nəticələr əldə olunmayıb. Təəssüf ki, bu münaqişənin sürətli həll yolu yoxdur”. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməsi, tərəflər arasında etimad mühiti formalaşdırılmalı, ziyalılar, gənclər arasında əlaqələr qurmaq lazımdır.

APA