“Cristal” şampan şərabının bir şüşəsi 136 min dollara satılmışdır
12.4.2012

Bütün dünyada varlı insanlar klub və restoranlarda gen-bol pul xərcləyib, zəngin və səxavətli olduqlarını nümayiş etdirməyi sevirlər. Bu yaxınlarda Səudiyyə Ərəbistanından olan biznesmen bir şüşə nadir şampan şərabını 136 min dollara almışdır.

Bu hadisə Dubayda, “Cavalli” gecə klubunda baş vermişdir. Milyonçu bir neçə dildə danışan savadlı centlmen kimi yadda qalmışdır. O, ofisianta fransız dilində müraciət edərək şampan şərabı sifariş vermişdir.

Bəzi məlumatlara görə, söhbət “Louis Roederer” şirkətinin 1990-cı il tarixli “Millennium Cristal Brut” şampan şərabından gedir. Bütün dünyada bu eksklüziv şampan şərabının yalnız üç şüşəsi mövcuddur. Klubun sahibi Devid Leskarretin sözlərinə görə, digər iki şüşə Nyu-York və Londonda gecə klublarında satışa çıxarılsa da, hələlik alıcı tapılmamışdır.

Məlumdur ki, söhbəti gedən şampan şərabı 1990-cı ildə Fransanın Şampan əyalətində istehsal edilmişdir və yeni minilliyin başlanması ilə bağlı bayram şənlikləri zamanı açılmalı idi.

Şayiələrə görə, “Cavalli” nümayəndələri bu içkini Londonun “Chiristie's” hərracında təxminən 93 min dollara almışlar.
Bir londonlu biznesmen isə Liverpulda, gecə klubunda səxavət kisəsini açaraq, kluba gələnlərin hamısını elit şampan şərabı, araq, çaxır və s. içkilərə qonaq etmiş, bütün bunlara 300 min dollardan çox pul xərcləmişdir.

AzərTAc