Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri keçiriləcək
8.5.2012

Mayın 10-da Şağan Olimpiya İdman Kompleksində mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi boks turnirinə start veriləcək. Boks Federasiyasından verilən məlumata görə, yarışda Azərbaycan komandası ilə yanaşı, 9 ölkə - Macarıstan, Bolqarıstan, Rusiya, Özbəkistan, Ukrayna, Qazaxıstan, İsrail, Gürcüstan və Hindistan milli komandaları da iştirak edəcəklər.

Yarışın rəsmi açılış mərasimi mayın 10-da saat 15.00-da olacaq. Final döyüşləri mayın 13-də saat 14.00-da başlayacaq. Azərbaycan milli komandası turnirdə geniş tərkibli heyətlə mübarizə aparacaq. Yarışda fərqlənən boksçularımız yığmamızın heyətinə cəlb ediləcək və onlar iyunun 23-dən iyulun 1-ə kimi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyində güclərini sınayacaqlar.

APA