Azərbaycanda «Microsoft IT Academy» layihəsinə start verilib.
İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, «Microsoft» korporasiyasının ilk tədris mərkəzi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) açılacaq. Layihənin məqsədi universitetdə «Microsoft» tədris proqramları üzrə mütəxəssislərin yetişdirilməsinə nail olmaqdır.
«Microsoft Azerbaijan»ın Təhsildə Əməkdaşlıq Proqramının rəhbəri Emin Axundovun sözlərinə görə, «Microsoft IT Academy» təlim modeli təhsil müəssisəsi daxilində IT sahəsində mütəxəssislərin hazırlığı üçün imkan yaradır: «Təlimlər universitetin müəyyən etdiyi müddət və şərtlərə əsasən aparılacaq. Universitet tələbələri təlimlərdən keçdikdən sonra imtahan verib «Microsoft»un sənaye sertifikatlarını ala bilərlər. Bununla da onlar gələcək həyatda yalnız universitetin diplomu ilə deyil, «Microsoft»un dünyada tanınmış sertifikatlarını da əldə etmiş olacaqlar».
Layihə çərçivəsində universitetin öz müəllimləri tərəfindən tələbələrə təlimlərin keçirilməsi nəzərdə tutulub. Hazırda universitetdə bu təlimləri başlamaq üçün müəllimlərlə hazırlıq işləri aparılır. Akademiya çərçivəsində dərslərin növbəti tədris ilindən başlaması nəzərdə tutulub.
«Bununla yanaşı, AzMİU-nun tələbələri «Microsoft Virtual Academy» çərçivəsində də təmənnasız olaraq «online» təlim keçə bilər. Bulud texnologiyaları bazasında yaradılan bu tədris sistemi hər bir tələbəyə «online» rejimdə, internet vasitəsilə əlavə təlimlər keçsin və imtahan verərək sertifikat alsın», - deyə E.Axundov bildirib.
E.Axundov onu da bildirib ki, «Microsoft IT Academiy» Azərbaycanın IT fakültələri olan bütün ali təhsil müəssisələrində yaradılması «Microsoft Azerbaijan»ın strateji planlarına daxildir.
APA