Bakı Metropoliteni sərnişinlərə hansı sürprizləri hazırlayır?
11.5.2012

Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasında ikinci keçid stansiyasının inşası davam edir.
Bunu metropolitenin baş mühəndisi Humay Hümbətov bildirib:

"Ötən il Xudu Məmmədov küçəsində "Həzi Aslanov" stansiyasında ikinci keçid stansiyasının inşasına başlanılıb. Artıq onun özülü hazırdır. Günəşli qəsəbəsinə tərəf 200 metrlik tunel də qazılıb. Yeni Günəşli və Bakıxanov qəsəbələri istiqamətində qazıntı işləri davam etdirilir. Günəşli qəsəbəsində yeni metro stansiyası kərpic zavodu yaxınlığında, Yeni Günəşlidə isə tikilməkdə olan parkın yanında inşa olunacaq. Onların tikintisinin 2015-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulub. Daha sonra metronun "Xətai" stansiyasından "Həzi Aslanov" stansiyasınadək yeni xətt çəkiləcək və onun üzərində 3 yeni stansiya inşa olunacaq".

Qeyd edək ki, yaxın 20 il ərzində Bakı Metropoliteninin "Bakıxanov", "Qaraçuxur", "Yeni Günəşli", "Zığ", "Badamdar", "Bibiheybət", "Yeni Yasamal", "Binəqədi" və sair stansiyalarının inşası nəzərdə tutulub.

Milli.Az