Bu ilin mart ayında Azərbaycanda müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1 367,4 min nəfər olub və onların 846,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 521 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 24,5%-i təhsildə, 19,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4%-i sənayedə, 9,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,3%-i tikintidə, 4,8%-i nəqliyyat və anbar təsərrüfatında, 3,2%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,9%-i informasiya və rabitə sahəsində və 14,6%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Mart ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 394,2 manat təşkil edib, yanvar-mart aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,7% artaraq 378,9 manat olub. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq əmək haqqı daha yüksək olub.
APA