Bakı şəhər Təhsil İdarəsinin multimedia şöbəsinin müdiri, ibtidai sinif şagirdləri üçün “İrs” adlı yeni tədris fənni üzrə dərsliklər dəstinin tərtibçi-müəllifi, çoxsaylı kitabların, nağıl, şeir və tapmacaların müəllifi, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki Solmaz Amanova Avropa Təbiət Elmləri Akademiyasının səlahiyyətli nümayəndəsi vəzifəsinə təsdiq edilib və ona ATEA-nın filialını yaratmaq hüququ verilib.
Solmaz Amanova bildirib ki, o, Multikulturalizm İli çərçivəsində “İrs” adlı multimedia nağıl evi yaradıb. Burada uşaqlar S. Amanovanın nağılları əsasında çəkilmiş cizgi filmlərinə tamaşa etməklə bərabər özləri də nağıl yazmaq, nağıllar əsasında kompyuter oyunları yaratmaq, animasiya şəkilləri çəkmək, milli şirniyyatlar hazırlamaq, xalça toxumaq, tikmə sənəti ilə məşğul olmaq, milli paltar biçimini, köhnə kompyuter disklərindən istifadə etməklə şəbəkə sənəti nümunələri yaratmağı öyrənmək və bir sıra başqa maraqlı məşğuliyyətlər üçün imkan əldə edəcəklər.
S.Amanovanın nağılları əsasında yaradılmış qırxdan çox kitabın toplandığı elektron kitabxana uşaqların sərəncamındadır. Bu kitabların çoxu beş xarici dilə tərcümə edilib. S.Amanovanın ibtidai siniflər üçün yazdığı dərsliklər son illərdə beynəlxalq kitab yarmarkalarında və uşaq kitabları müsabiqələrində bir sıra mükafatlara layiq görülüb. Müəllif öz əsərlərini rus və Azərbaycan dillərində yazır. ATEA-nın filialı “İrs” mərkəzi bazasında yaradılıb.
Xatırladaq ki, azərbaycanlı nağıllar müəllifi, pedaqoq və maarifçi Solmaz Amanova keçən il “Dünya mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə” Avropa Təbiət Elmləri Akademiyasının (Hannover, Almaniya) “Dostluq” ordeni ilə təltif edilib.
S.Amanovanın kitabları dəfələrlə yüksək beynəlxalq mükafatlara layiq görülüb. O, Almaniyada keçirilmiş “Euromedika – Hannover – 2010” beynəlxalq tibbi konqresdə “Monastır apteki” kitabına görə Leonardo da Vinçi medalı ilə təltif edilib. Təbabət tarixinə, mədəni irsə aid kitablarına görə (“Anatomiya poeziyada və rəngkarlıqda”) ona Avropa Təbiət Elmləri Akademiyasının akademiki fəxri adı verilib, Moskvada keçirilən Beynəlxalq Kitab Sərgisində onun iki kitabı mükafata layiq görülüb.
trend.az