Azərbaycan Aşıqlar Birliyinin (AAB) rəhbərliyi aşıq sənətinin vəziyyətini öyrənmək, yerlərdə bu sənətinin inkişafındakı durumu dəyərləndirmək üçün bölgələrdə aşıqlarla görüşlər keçirir.
AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, bu qəbildən olan ilk görüş Gəncədə təşkil edilib. Birliyinin yaradıcılıq məsələləri üzrə katibi Məhəmmədəli Məşədiyev Gəncədə Kəlbəcər rayon mədəniyyət evində Göyçə, Gəncə, Kəlbəcər və Goranboy rayonundan olan aşıqlarla görüşüb. Görüşdə bölgələrdə aşıq sənətinin vəziyyəti müzakirə olunub.
Növbəti görüş isə Gədəbəy rayonunda keçirilib. Görüşdə dastan ifaçılığının, klassik ənənənin daha mükəmməl öyrənilməsi, mütəmadi məşqlərin keçirilməsi, gənc istedadların üzə çıxarılması və aşıqların repertuarlarına daha diqqətlə yanaşılmasının vacibliyi vurğulanıb. Belə görüşlərin gələcəkdə də keçirilməsinin vacibliyi və əhəmiyyətindən söhbət açılıb.
azertag.az