Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 30-a yaxın tələbəsi bu ilin aprel ayından etibarən İsrailin Eilat şəhərindəki nüfuzlu otellərdə 20 həftəlik təcrübə semestri keçəcək.
ATMU-dan bildirilib ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə universitetin keyfiyyət təminatı şöbəsi əməkdaşlarının tanışlıq-hesabat görüşündə danışılıb.
İki ay müddətinə Bakıya ezam olunan israilli otel biznesi sahəsinin mütəxəssisləri İtay Tovar və Dany Antebi də ATMU və diplomatik missiya arasındakı razılaşmaya əsasən həyata keçirilən təcrübə proqramının mərhələli icrasından razı qaldıqlarını bildiriblər.
Görüşdə, həmçinin tələbələrin təcrübə semestrinin təşkili və peşəkarlıq vərdişləri qazanmalarının əhəmiyyətindən söz açılıb.
azertag.az