Portuqaliyalı rejissorun filmi Bakıda izlənilə bilər
12.4.2016

Portuqaliyalı rejissor Ribeyra Sakranın “Sonuncu dəfə nə vaxt öz hekayənizi danışmısınız” turizm filmi dünyanı fəth edir.

Film dörd beynəlxalq turizm filmi festivalının üçündə iştirak üçün artıq dəvət alıb. Təsdiqi gözlənilən dördüncü festival isə Bakıda keçiriləcək üçüncü Beynəlxalq Turizm Filmləri Festivalıdır.

Filmin təqdim olunacağı ilk məkan aprelin 14-də, 15-də və 16-da Bolqarıstanda baş tutacaq Fest-Film Tour “Avropanın şərq sahillərində” festivalı olacaq. Daha sonra filmi Latviyanın paytaxtı Riqada və Portuqaliyada keçiriləcək beynəlxalq festivallarda izləmək mümkün olacaq.

“Sonuncu dəfə nə vaxt öz hekayənizi danışmısınız” iyunun 1-dən 4-dək Bakıda keçiriləcək Üçüncü Beynəlxalq Turizm Filmləri Festivalı üçün də təqdim olunub, lakin iştirakçıların siyahısı rəsmi təsdiq edilməyib.

Festivalın məqsədi turizmin müxtəlif sahələrindən bəhs edən ən yaxşı filmləri aşkara çıxarmaq və onların müəlliflərini həvəsləndirməkdir. Həmçinin turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək və həmin filmlərə beynəlxalq auditoriya qazandırmaq da festivalın hədəfidir.

azertag.az